İranın xarici işlər naziri Abbas Əraqçi son 48 saat ərzində 12 ölkədən olan həmkarları ilə telefon danışıqları aparıb.
1xeber.media xəbər verir ki, o bu barədə sosial şəbəkə səhifələrində məlumat verib.
Onun sözlərinə görə, danışıqlar zamanı regiondakı vəziyyət, həmçinin, ABŞ və İsrailin hərəkətlərinin gərginliyə səbəb ola biləcək nəticələri müzakirə edilib.
“Son 48 saat ərzində Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, BƏƏ, Tunis, İraq və Pakistandan olan 12 həmkarımla ayrı-ayrı telefon danışıqlarında son regional və beynəlxalq hadisələri, eləcə də, ABŞ və İsrailin eskalasiyaya səbəb olan hərəkətlərinin nəticələrini müzakirə etdik”, - İran XİN rəhbəri qeyd edib.
Əraqçinin sözlərinə görə, məsləhətləşmələr zamanı o, dövlətlərin milli suverenliyinə hörmət etməyin, təcavüzə və təhdidlərə son qoymağın, dağıdıcı xarici müdaxiləni rədd etməyin və qeyri-sabitliyin yayılmasının qarşısını almaq üçün region ölkələrinin məsuliyyət daşımasının vacibliyini vurğulayıb.
















