Beş il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad
edərək şanlı tarix yazdı. Vaxtilə xəyal kimi görünən bu arzu reallığa çevrildi. Azərbaycan
Prezidenti İlham Əliyev bu möhtəşəm Qələbənin tarixi əhəmiyyətini nəzərə alaraq imzaladığı
Sərəncamla noyabrın 8-ni Zəfər Günü elan etdi. Ötən dövr ərzində Şuşaya dəfələrlə səfər
edən dövlətimizin başçısı 2021-ci ilin yanvarın 14-də Şuşa şəhərinə səfəri zamanı Şuşa
şəhərində şanlı üçrəngli bayrağımızı ucaltdı.
Qarabağ Zəfərinə aparan yolun təməli Ümummilli Lider Heydər Əliyevin uzaqgörən
siyasəti və strateji baxışı ilə qoyulmuşdu. 1993-cü ildə – Azərbaycan üçün mürəkkəb olan bir
dövrdə xalqın tələbi ilə Heydər Əliyev rəhbərliyə qayıtdı və dövlət quruculuğu istiqamətində
mühüm addımlar atdı. Onun rəhbərliyi ilə Azərbaycan güclü bir dövlətin əsaslarını qurdu,
ordunun formalaşdırılması, iqtisadiyyatın gücləndirilməsi və beynəlxalq aləmdə Azərbaycanın
mövqeyinin möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Bu işləri Prezident İlham
Əliyev uğurla davam etdirdi və daha da gücləndirdi.
Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz
sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan
Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş
qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər
görüldü, güclü hərbi potensial yaradıldı. Torpaqlarımızın işğaldan azad edilməsi kimi
müqəddəs bir missiyanın yerinə yetirilməsində son 20-30 ildə yetişən vətənpərvər gənc nəslin
fədakarlığı, xalqımızın öz lideri ətrafında yumruq kimi birləşməsi və görünməmiş milli həmrəylik
nümayiş etdirməsi mühüm rol oynadı. Nəticədə, Azərbaycan Ordusu 44 günlük Vətən
müharibəsinin hər günündə bir addım da geri çəkilmədən yalnız irəli getdi, hər gün yeni bir
qələbə qazanmaqla şanlı bir tarix yazdı. Düşmən ordusunda on mindən çox fərari olduğu
halda, bizim bir əsgərimiz də döyüş meydanından yayınmadı.
İkinci Qarabağ müharibəsinin hər günü, hər anı Azərbaycanın tarixinə qızıl hərflərlə
yazıldı və əsl qəhrəmanlıq dastanına çevrildi. Hər gün yeni bir kəndin, yeni bir şəhərin azad
edilməsi xəbəri xalqın ruhunu yüksəltdi və ordunun əzmini daha da möhkəmləndirdi. Xüsusilə
Şuşa uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun göstərdiyi cəsarət və döyüş ruhu
misli görünməmiş qəhrəmanlıq nümunəsidir. Əsgərlərimiz əlverişsiz şəraitə baxmayaraq,
dağlıq ərazilərdə düşmənlə üz-üzə gəlib, əzmkarlıqla irəlilədilər və bu tarixi şəhəri işğaldan
azad etdilər. Bu zəfər dastanı həm bugünkü, həm də gələcək nəsillərə qəhrəmanlıq, milli qürur
və vətənə sevginin əbədi simvolu kimi yadigar qalacaq.
“Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!” – bu sözlər 2020-ci il noyabrın 8-də
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qürur və sevinc
hissi ilə səsləndirildi və bütün Azərbaycan xalqının tarixində yeni bir səhifə açdı. Şuşanın azad
edilməsi Vətən müharibəsinin həlledici anı və Zəfərin simvolu oldu.
Şuşa Azərbaycanın mədəniyyət beşiyi, qədim tarixi və mədəni irsinin dəyərli parçasıdır.
Şuşanın azadlığı ilə Azərbaycan təkcə ərazi bütövlüyünü təmin etmədi, həm də milli qürurunu
bərpa etdi. Bu, Qarabağın digər şəhərləri və kəndlərinin azad edilməsi yolunda son dərəcə
mühüm bir mərhələ, Azərbaycan xalqının qalibiyyət rəmzi oldu. Müzəffər Ali Baş Komandan
İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! sözləri isə Vətən
müharibəsinin əbədi qələbə çağırışı və xalqın yaddaşında həmişəlik yaşayacaq bir ifadəyə
çevrildi.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla Azərbaycan İkinci Qarabağ
müharibəsində qətiyyətli zəfərini rəsmi olaraq təsbit etdi və 30 ilə yaxın davam edən işğala son
qoydu. Bununla belə bəzi xarici müşahidəçilər və tərəflər düşünürdülər ki, Azərbaycan yalnız
Şuşanın azad edilməsi və əldə olunan mövcud status-kvo ilə kifayətlənəcək və növbəti
addımlar atmağa ehtiyat edəcək. Lakin Azərbaycan dövləti və xalqı öz qətiyyətini və ərazi
bütövlüyünü tam bərpa etmək əzmini açıq şəkildə nümayiş etdirdi.
Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamla Azərbaycanın mədəniyyət
paytaxtı elan edilən Şuşa şəhərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata
keçirilir. Şuşanın mədəniyyət paytaxtı statusu, onun tarixi əhəmiyyətini və mədəni irsinin
bərpasını prioritet məsələyə çevirdi. Azərbaycan hökuməti bu qədim şəhərin tarixi simasının
bərpa olunması, tarixi abidələrinin, məscidlərinin, mədəniyyət ocaqlarının dirçəldilməsi və
yenidən canlandırılması üçün genişmiqyaslı layihələrə start verdi.
Şuşada aparılan işlər çərçivəsində şəhərin tarixi-memarlıq abidələri, küçə və meydanları
bərpa olundu. Həyata keçirilən geniş bərpa-quruculuq və yeni infrastruktur layihələri sayəsində
Şuşa, həm yerli, həm də xarici qonaqlar üçün mədəni turizm mərkəzinə çevrilib.
Həmçinin Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri və digər
mədəniyyət tədbirləri bərpa edilərək yenidən keçirilir. Bu tədbirlər Şuşanın Azərbaycanın
mədəni həyatında oynadığı əhəmiyyətli rolu bir daha vurğulayır və şəhərin zəngin mədəni irsini
gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Şuşanın mədəniyyət paytaxtı kimi bərpası,
Qarabağın yenidən doğuşunun və Azərbaycanın öz tarixi-mədəni mirasına sahib çıxma
əzminin göstəricisidir.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncamla noyabrın 8-i
Şuşa Şəhəri Günü kimi təsis edildi. Bu tarix İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə
etdiyi Zəfərin ən mühüm rəmzi olan Şuşa şəhərinin azad olunduğu gündür. 8 Noyabr artıq hər
il Şuşanın mədəni, tarixi və strateji əhəmiyyətini vurğulamaq və Azərbaycanın qələbəsini
anmaq məqsədilə təntənəli şəkildə qeyd olunur.
Bu addım Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi statusunu daha da
gücləndirir və şəhərin milli-mədəni irsimizdəki yerini möhkəmləndirir. Şuşa Şəhəri Gününün
qeyd edilməsi, Azərbaycan xalqının bu qədim şəhərə olan sevgisini, əzmini və fədakarlığını bir
daha göstərir. Həmçinin bu gün Şuşanın bərpa işlərinin sürətlə davam etdiyi, abidələrin və
mədəniyyət ocaqlarının yenidən dirçəldiyi bir dövrdə xalqımızın həmrəyliyini və tarixi yaddaşını
təcəssüm etdirir.
Məstalı Nuriyev,
67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri
















