Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də
Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu
bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinə Ulu Öndər Heydər Əliyevin siyasi qətiyyəti ilə ilə gətirilərək Muxtar
Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir.
Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti
qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında
vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın
Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.
17 noyabr 2009-cu ildə isə Prezident İlham Əliyev hər il noyabrın 9-u Azərbaycanda
Dövlət Bayrağı günü kimi qeyd olunacağı haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki,
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq indiki dövlət bayrağı 1918-ci il
noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Sərəncama
görə həmin fakt nəzərə alınaraq hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət
Bayrağı Günü elan olunur.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət
bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs
dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu
bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara
sadiqliyimizi nümayiş etdirir.
Bu gün artıq müqəddəs bayrağımız düşmən tapdağından azad olunan qədim yurd
yerlərimizdə, əzəli torpaqlarımız olan Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda,
Laçında, Kəlbəcərdə, Hadrutda, Suqovuşanda, Şuşada, Xankəndidə, Xocalıda, Xocavənddə,
digər kənd və qəsəbələrimizdə qürurla dalğalanmaqdadır. Bütün bunlar Azərbaycan tarixində
misli görünməmiş nailiyyətlərdir və bu tarixi nailiyyətlərin memarı cənab İlham Əliyevdir.
Üçrəngli bayrağımızın azad olunmuş torpaqlarımızda dalğalanmasını təmin etməklə
Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi,
onun ideallarına sadiqliyini bir daha nümayiş etdirdi. Bu möhtəşəm bayram günündə iftixar
hissi keçiririk ki, Ümumilli Liderimiz tərəfindən Naxçıvanda ucaldılan üçrəngli bayrağımız bu
gün bütöv Azərbaycanın hər bir bölgəsində əzəmətlə dalğalanır və bundan sonra da əbədi
olaraq dalğalanacaqdır. Bayrağımız həm də bizim bütün Qələbələrimizin, savaşdakı
Zəfərlərimizin əsas qayəsidir. Harada Qələbə varsa, orada qürür mənbəyimiz olan üçrənli
bayrağımızın dalğalanması kimi xoş mənzərə var.
Afaq Xankişiyeva,
N.Gəncəvi adına 5 saylı Sabirabad şəhər tam orta məktəbinin tədris işləri üzrə müavini















