1xeber.media xəbər verir ki, Ermənistanın müxalifətdə olan “Güclü Ermənistan” partiyasının nümayəndələri Arsen Gevorkyanın istintaq təcridxanasında vəfat etməsinə görə məsuliyyətin yalnız onun saxlanılması barədə göstəriş verən və barəsində həbs qərarı qəbul edən şəxslərin üzərinə düşmədiyini bildiriblər.
Partiya nümayəndələrinin sözlərinə görə, Gevorkyanın səhhətindəki problemlərə laqeyd yanaşan və bu məsələləri ciddiyə almayan şəxslər də baş verənlərə görə məsuliyyət daşıyırlar. Bu barədə NEWS.am məlumat yayıb.
Partiyanın yaydığı açıqlamada qeyd olunub ki, insanın həbs edilməməsi ilə bağlı vəsatətlər qaldırılan zaman bəzi şəxslər müraciət edənlərin sağlamlıq vəziyyətini lağa qoyur, təqdim olunan tibbi sənədləri isə nəzərə almırlar.
Bildirilib ki, bu cür münasibət həbsdə olan şəxslərin öz sağlamlıq problemləri barədə danışmaqdan çəkinməsinə səbəb olur. Partiya nümayəndələrinin fikrincə, Arsen Gevorkyanın başına gələnlər də bu məsələyə laqeyd yanaşmanın nəticələrindən biri kimi qiymətləndirilməlidir.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın müxalif “Güclü Ermənistan” partiyasının üzvü, 46 yaşlı Arsen Gevorkyanın istintaq təcridxanasında vəfat etdiyi məlum olub. İlkin məlumata görə, siyasətçi infarkt nəticəsində dünyasını dəyişib.
Hadisə Ermənistanda həbsdə saxlanılan şəxslərin sağlamlıq vəziyyətinə nəzarət və onların tibbi hüquqlarının qorunması məsələsini yenidən gündəmə gətirib.
















