“Ramiz müəllimin kitabları hər kəsin masaüstü kitabı olmalıdır”. Elmira Axundova bir vaxtlar alovlu çıxışlarında belə deyirdi. İndi nə dediyi bəlli olmasa da, bilinən tək həqiqət var – ölkə boyu Ramiz Ənvəroviçin o “şah əsərləri” səssiz-səmirsiz yığışdırılır, kitabxanaların tozlu rəflərindən silinir.
Lakin o kitabları tərifləyənlərin, həmin ideoloji xəttin kölgəsində böyüyüb vəzifə pillələrini dırmaşanların yaratdığı idarəçilik piramidası hələ də öz yerindədir...
Azərbaycanın ali təhsil sistemində islahatlar, yenilənmə və kadrların müasir tələblərə uyğunlaşdırılması barədə tribunalardan eşidilən pafoslu hesabatlar bitmək bilmir. Ancaq bəzən bir universitetin prorektorluq siyahısı və dəhlizlərdə pıçıltıyla danışılan qohumluq xəritəsi bütöv bir mexanizmin necə işlədiyini bütün çılpaqlığı ilə ortaya qoyur.
Söhbət Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) gedir. 2014-cü ildə ali məktəblər üçün çap olunmuş “Analizin ədədi üsulları” adlı dərs vəsaitinin müəllifləri Qalina Mehdiyeva və Elvin Əzizbəyov, elmi redaktoru isə V.R. İbrahimov idi. Təhsil Nazirliyinin xeyir-duası ilə nəşr olunan bu kitabın elmi tərəfləri bir yana, əsas məsələ həmin tərəfdaşlığın sonradan hansı karyera trayektoriyasına yol açmasıdır.
Bu gün DİA-da Elm və beynəlxalq əlaqələr üzrə prorektor kürsüsündə oturan və eyni zamanda ictimai əsaslarla iki kafedranın müdirliyini həyata keçirən Elvin Əzizbəyovun yüksəliş hekayəsi maraqlı suallar doğurur. Qalina Mehdiyevanın sabiq köməkçisi və həmmüəllifi olmuş bir şəxsin Akademiyada bu qədər geniş səlahiyyətlər toplaması hansı meyarlara söykənir?
Akademiyadakı mənbələrin məlumatına görə, Elvin Əzizbəyovu bu gün də himayə edən əsas fiqurlar DİA-nın rəhbərliyindəki digər nümayəndələrdir. Dövlət idarəçiliyi üçün kadr hazırlayan bir akademiyada köhnə klanların və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) "kadr izləri"nin qorunub saxlanması xüsusilə diqqət çəkir.
DİA-nın Ümumi işlər üzrə prorektoru Mirağa Seyidli, ləğv olunmuş MTN-in qalmaqallı fiqurlarından biri, sabiq nazir Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun qaynatasıdır. Akademiyanın Tədris işləri üzrə 1-ci prorektoru Əlikram Abdullayev isə Ramiz Mehdiyevin əmisi qızının həyat yoldaşıdır.
Yaranan mənzərə belədir: dövlət idarəçiliyinə təzə nəfəs, yeni təfəkkürlü kadrlar hazırlamalı olan əsas akademiyada idarəetmə sükanı illərdir keçmiş siyasi patronajlıq şəbəkəsinin, qohumluq tellərindən qaynaqlanır. Bu gün Dövlət İdarəçilik Akademiyasının qarşısında dövlət qulluğunu modernləşdirmək, idarəçilikdə şəffaflığı təmin edəcək kadrlar yetişdirmək kimi strateji vəzifələr dayanır. Amma universitetin daxilində o köhnə münasibətlər şəbəkəsi qaldıqca, rəsmi bəyanatlar və lövhələr, sadəcə, dekorasiya dəyişikliyindən uzağa gedə bilməz.
Ramiz Mehdiyevin və Eldar Mahmudovun siyasi dövrü çoxdan başa çatıb. Amma həmin dövrün DİA dəhlizlərində yaşanan inersiya təmizlənmədikcə, akademiyanın gələcəyi həmişə keçmişin kölgəsində qalacaq.
Mövzu ilə bağlı Dövlət İdarəçilik Akademiyası rəhbərliyinin, adı çəkilən şəxslərin və Elm və Təhsil Nazirliyinin mövqeyini dərc etməyə hazırıq
Musavat.com















