Müstəqil Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda
qəbul edilib. Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 30 ildir
Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə
respublikanın dördüncü Konstitusiyasıdır. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan
Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya
quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən hər 3
konstitusiyalar SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti
meydana çıxdı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük
xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Bunun
üçün ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan xüsusi komissiya Konstitusiya
layihəsini hazırladı və bu layihə ümumxalq müzakirəsinə çıxarıldı. Ulu Öndər Heydər Əliyev öz
çıxışında demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul
etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”
1995-ci il noyabrın 12-də ölkədə keçirilən referendumda müstəqil Azərbaycanın ilk
Konstitusiyası qəbul olundu. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi
Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5
bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş
yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Ölkəmizin sürətli
inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci ilin
avqustunda, 2009-cu ilin martında və 2016-cı ilin sentyabrında referendum yolu ilə Azərbaycan
Konstitusiyasına əhəmiyyətli dəyişikliklər və əlavələr edilib.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi,
dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.
Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın
12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Mövsüm Nərimanov,
Sabirabad rayonu Zəngənə kənd sakini, fermer

















