Konstitusiya dövlətin ali qanunudur və ali hüquqi qüvvəyə malikdir. Dövlətin siyasi,
hüquqi və iqtisadi sistemlərin əsaslarını təşkil edir. Konstitusiya dövlət orqanlarının təşkili və
fəaliyyətinin prinsiplərini, dövlət hakimiyyətinin və dövlət idarəçiliyinin başlıca müddəalarını,
məhkəmə hakimiyyətinin sistemini, vətəndaşların, ictimai təşkilat, birlik, müxtəlif qurumların
hüquq və azadlıqlarını müəyyən edən ən yüksək hüquqi qüvvəyə malik olan hüquqi sənəddir.
Azərbaycan dövlətinin birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan
Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ
Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV
Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunub. Azərbaycan SSR-nin 1978-ci il aprelin
21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlki konstitusiyalar kimi, SSRİ Konstitusiyasına
uyğunlaşdırılmışdı.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsinin
hazırlanması üzərində ciddi iş başlanılmışdı. Ümummilli lider Heydər Əliyev bu barədə
danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul
etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun
müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali
icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər
yolu ilə təmin olunmalıdır”. 1994-cü ildə umummilli lider Heydər Əliyev sədrliyi ilə Konstitusiya
komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 12 noyabr
1995-ci ildə ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul
olundu. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycan Respublikasının ilk,
ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın yeni
Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Azərbaycan Respublikası
Konstitusiyasının qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri yeni hüquq
sisteminin formalaşması, bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazasının
yaradılması, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi olmuşdur. Ölkəmiz onun
qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan 200-dən artıq çoxtərəfli beynəlxalq
müqaviləyə tərəfdar çıxmışdır və bu sənədlərin böyük əksəriyyəti insan hüquq və
azadlıqlarının müdafiəsi ilə bağlı məsələlərə yönəlmişdir.
Ötən 28 il ərzində ölkəmizin sürətli inkişafı nəticəsində və yeni dövrün tələblərinin
yaratdığı zərurətlərlə əlaqədar olaraq Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli
əlavələr və dəyişikliklər edilib. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə
referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25
maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-
iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı
təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da
genişlənməsindən irəli gəlirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın
26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib.
Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali
dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin
təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq
və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlimişdir.
Artıq iki ildir ki, Azərbaycan xalqı Qalib xalq olaraq hər bir özəl bayramını daha fərqli
əhval-ruhiyyədə qeyd edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər
Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində tarix yazaraq 30 illik həsrətə
son qoydu. Canlarını Vətən yolunda fəda edərərək bizlərə bu qururu yaşadan şəhidlərimizin
ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
Rahib Fərzəliyev,
Sabirabad rayonu Quruzma kənd sakini, fəal gənc

















