Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu ünvanlayıb.
1xeber.media xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
***
Dövlət başçısı həmçinin Latviya Prezidenti Edqars Rinkeviçsə də təbrik məktubu ünvanlayıb:
“Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.
Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.
İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
















