Makronu “Şantaj cənabı” adlandırdılar: Fransa prezidenti Aİ-ni girov götürməkdə ittiham olunur
Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqının (Aİ) uzunmüddətli büdcəsi ilə bağlı danışıqları dayandırmaqla hədələdiyinə görə sərt tənqidlərə məruz qalıb. O, hətta avropalı diplomatlar tərəfindən “Şantaj cənabı” adlandırılıb.
1xeber.media xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Aİ diplomatlarından biri Fransa liderini ümumavropa maraqlarını ölkəsində keçiriləcək prezident seçkilərindən asılı vəziyyətə salmaqda ittiham edib.
“Bu, sadəcə olaraq, qəbuledilməzdir. Milli seçkilərinizə görə danışıqları girov götürmək üçün bura gəlmisiniz”, – deyə diplomat bildirib.
Makron isə Avropa Şurasının prezidenti Antonio Koştanın təklif etdiyi büdcə ixtisarlarını kəskin tənqid edərək, bunu Avropa üçün “strateji səhv” adlandırıb.
Fransa prezidenti hesab edir ki, danışıqların gələn ilə qədər uzadılması demokratik baxımdan mümkün deyil. Onun fikrincə, bu halda müzakirələrin yekunlaşması Fransada keçiriləcək prezident seçkilərinə həddindən artıq yaxın vaxta təsadüf edə bilər.
Qeyd edək ki, bundan əvvəl Fransanın “Milli Birlik” partiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen Ukraynanın gələcəyinin heç bir halda Avropa İttifaqına üzvlüyünü nəzərdə tutmadığını bəyan etmişdi.
















