İstintaqçılar Qroznı, Mahaçqala və Mineralnıye Vodı dispetçerləri ilə 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarının (AZAL) sərnişin təyyarəsinin komandiri arasında danışıqları öyrənəcəklər.
1xeber.media xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İK) rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.
Cinayət işinin istintaqı çərçivəsində kompleks aviasiya-texniki və komissiya təşkilati-texniki məhkəmə-tibbi ekspertizası aparılacaq. Təyyarələrin bütün sistemlərinin təhlili planlaşdırılır, hava hərəkətinə nəzarət xidmətlərinin, hava hərəkətinin idarə edilməsi sisteminin və hava hücumundan müdafiə sisteminin vəzifəli şəxslərinin hərəkətlərinə hüquqi qiymət veriləcək.
Müstəntiqlər Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən (SENIPA) əldə edilmiş uçuş registratorlarından alınan məlumatları tədqiq edirlər.