1xeber.media xəbər verir ki, Qəbələ rayon sakini, 36 yaşlı Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment borcunu ödəmədiyi üçün həbs edilib.
Məlumata görə, o, 2012-ci ildə rəsmi nikaha girib. 2013 və 2015-ci illərdə iki övladı dünyaya gəlib. Cütlük 2017-ci ildə boşanıb.
Boşanmadan sonra Yasamal Rayon Məhkəməsinin qərarı ilə ata hər uşağa aylıq 136 manat olmaqla, ümumilikdə 272 manat aliment ödəməli olub. 2024-cü ildə məbləğ artırılaraq hər uşaq üçün 235 manat, ümumilikdə isə 470 manat müəyyən edilib.
Müşfiq Cəfərov aliment ödənişlərini vaxtında və tam həyata keçirmədiyinə görə üç dəfə inzibati qaydada 10, 20 və 25 gün müddətinə həbs olunub. Verilən xəbərdarlıqlara baxmayaraq, borc ödənilməyib.
Məhkəmədə o, borcu tam ödəyə bilməyəcəyini, lakin hissə-hissə ödəyəcəyini bildirib. Zərərçəkən qadın isə alimenti vaxtında ala bilmədiyi üçün övladlarını təkbaşına böyütdüyünü deyib. Onun sözlərinə görə, ata sonuncu dəfə 2021-ci ildə poçt vasitəsilə 257 manat göndərib.
Məhkəmənin hökmü ilə Müşfiq Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.














