Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Ferentsvaroş” oyunu üçün biletlərinin cəmi bir gün ərzində satılması, həmçinin bilet satışında yaşanan texniki problemlər klubun daimi azarkeşləri arasında ciddi narazılıq doğurub.
1xeber.media xəbər verir ki, bilet ala bilməyənlər arasında “Qarabağ”ın hər oyununda stadionlara gedən daimi azarkeşlərin də olduğu bildirilir.
Bəs, əslində bilet satışı necə təşkil edilməlidir? Bu biletlər kimlərə satılmalıdır – təsadüfi azarkeşlərə, yoxsa hər oyunda komandanın yanında olanlara?
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirir ki, bu problem təkcə “Qarabağ”a aid deyil: “Dünyanın bir çox klublarında eyni vəziyyət yaşanır. Stadionlarda yerlər məhduddur, amma böyük oyunlara getmək istəyənlərin sayı hər zaman daha çox olur. Böyük klublar bu problemi çoxdan həll ediblər. Məsələn, İspaniya, İngiltərə, Almaniya kimi ölklərdə daimi azarkeşlər illik mövsümlük kart alırlar. Beləliklə, əvvəlcədən hər oyunda öz yerlərini təmin edirlər və heç bir Avropa oyunu üçün bilet dərdi çəkmirlər. İngiltərədə “season ticket” ənənəsi var və stadiondakı yerlərin yarısı mövsümlük kart sahiblərinə ayrılır”.
Ekspert qeyd edir ki, “Qarabağ”ın da bu modeli tətbiq etməsi həm daimi azarkeşləri qoruyar, həm də klub üçün sabit maliyyə dəstəyi yaradar: “Daxili çempionatda boş tribunalar önündə oynayan futbolçular yalnız Avropa oyunlarında dolu tribunalar görürlər. Bu isə göstərir ki, Avropa oyunlarında stadiona gələnlərin əksəriyyəti daimi azarkeşlər deyil. Onları stadiona gətirən, “Qarabağ” sevgisindən daha çox Avropa klublarını görmək marağıdır. Amma komandaya əsl dəstək yalnız hər oyunda komandanın yanında olan azarkeşlərlə formalaşır. Mövsümlük kartların tətbiqi həm də iqtisadi baxımdan daha sərfəli ola bilər. Azarkeş bir dəfə müəyyən məbləğ ödəyərək bütün oyunlara giriş əldə edəcək, klub isə sabit gəlir qazanacaq. Bundan başqa, belə bir sistem təsadüfi azarkeşlərin “birdəfəlik coşqu”su ilə daimi fanatların haqqı arasında balans yaradacaq. Əks halda, komandanı hər oyunda dəstəkləyən azsaylı azarkeş qrupu Avropa oyunlarından kənarda qalır, onların yerlərini isə sırf atmosfer üçün stadiona gələn təsadüfi insanlar tutur”.