Ölkəmizdə çörək bişirmənin qədim və tarixi ənənələri var.
Belə qədim ənənələrdən biri də təndirdə çörək bişirmədir. Ləzzəti və bişirmə qaydası ilə digər çörəklərdən fərqlənən təndir çörəyi özünə məxsus ətri ilə də insanı cəlb edir. Təsadüfi deyil ki, ötən həftə Azərbaycanın təndirçilik sənəti və çörək bişirmə üsulu UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb.
Yay və qış fəslində səfalı təbiəti ilə yerli və xarici turistləri özünə cəlb edən Göygöl rayonu həm də yol kənarında bişirilən təndir çörəyi ilə də məşhurdur. 1xeber.media AZƏRTAC-ın bölgə müxbirinə istinadən ənənəvi təndir çörəyinin bişirilmə qaydası ilə yaxından tanış olmaq üçün Göygöl rayonunun Aşıqlı kəndinə yollanıb.
Rayonun qonaqları və yerli sakinlər burada ənənəvi qaydada közdə bişən təndir çörəyini bəyənirlər
Müasir dövrdə çörək bişirmə sənətində müasir texnologiyalardan istifadə olunsa da, ənənəvi qaydada bişirilən təndir çörəyinin dadı başqa olur.
Kənd sakini Rəna Abdullayeva təndir çörəyinin ləzzətli və ətirli olması üçün közdə bişirməyin vacibliyini vurğulayır: “Dədə-baba qaydasında hazırlanan təndirin tərkibinə heç bir maya və digər qatqı maddə vurulmur. Ən əsasda qazda yox, közdə bişirmək vacibdir. Onda çörək həm ətirli, həm də ləzzətli olur. Biz təndir çörəyini həm ailəmizin tələbatını ödəmək üçün, həm də satış məqsədi ilə bişiririk”.
Təndir çörəyi digər çörəklərlə müqayisədə 3-4 gün ərzində təzə qalır, rahat həzm olunur. Buna görə də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə dəyirman unu ilə bişirilən çörəkdən istifadə etmək məsləhət görülür.
Qeyd edək ki, dekabrın 2-dən 7-dək Paraqvayın paytaxtı Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyasında “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi qərara alınıb.