Praqada Azərbaycan Evi açılıb
Çex Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan Evinin açılışı olub.
Diasporla İş üzrə Dövlət Komitəsindənbildiriblər ki, mərasim Azərbaycanın və Çexiyanın Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.
Sonra Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Natəvan” Cəmiyyətinin sədri, Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova cəmiyyətin və Çexiyadakı Azərbaycan icmasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Bu əlamətdar hadisə münasibətilə soydaşlarımızı təbrik edən Diasporla İş üzrə Dövlət Komitəsini sədri Fuad Muradov bu günə qədər dünyanın 17 ölkəsində Azərbaycan Evi açıldığını bildirərək bu evlərin açılmasının Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza qayğısının ən bariz nümunəsi olduğunu qeyd edib.
Azərbaycanın Çexiyadakı səfiri Adış Məmmədov Azərbaycan Evinin açılmasını əlamətdar hadisə kimi qiymətləndirib və burada yaşayan azərbaycanlıların ölkəmizi tanıtmaq üçün böyük potensiallarının olduğunu diqqətə çatdırıb.
Şərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurasının Çexiya üzrə koordinatoru, “Land of Fire” təşkilatının rəhbəri Fərid Əmirəliyev Azərbaycan Evinin açılışında yaşanan qələbəliyi soydaşlarımızın birliyinin rəmzi adlandırıb.
Çexiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, bu ölkənin Azərbaycandakı keçmiş səfiri Milan Ekert çıxış edərək Azərbaycan xalqını 8 Noyabr – Zəfər Günü münasibətilə də təbrik edib. “İnanıram ki, Praqada açılan Azərbaycan Evi azərbaycanlılarla bərabər həm də bizim evimiz olacaq bu evin qapıları hər kəsə açıq olacaq”, - deyə M.Ekert qeyd edib
Qazaxıstanın Çexiyadakı səfiri Bakit Düsenbayev Azərbaycan Evinin açılmasını iki ölkə arasındakı münasibətlərin inkişafı, eləcə də burada yaşayan türk xalqlarının nümayəndələri üçün mühüm hadisə olduğunu söyləyib.
Qeyd edək ki, Azərbaycan Evində mədəni hissə və həftəsonu məktəbi də fəaliyyət göstərəcək.
Sonda fleyta ifaçısı Hana Jıtnıkova, pianoçu Lamiyə Axundova və 2020-ci ildə Çexiyada “İlin adamı” seçilən istedadlı musiqiçi Canel Nəcəfli tərəfindən çıxışlar təqdim edilib.