COP29 Könüllülük Proqramının hazırlıq mərhələsi başa çatıb
11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün üç ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatıb.
Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Qeyd edilib ki, COP29 Könüllülük Proqramı çərçivəsində COP29-un Mavi Zonasında işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə yekun vurublar. Məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 COP29 könüllüsü qatılıb. Sonuncu təlim mərhələsinin məqsədi könüllüləri konfrans ərəfəsində tədbir məkanı ilə yaxından tanış etmək və konfrans müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək olub.
Bildirilib ki, proqrama qoşulmaq üçün müraciət edən 16000 nəfərdən çox namizəd bir neçə mərhələdən ibarət olan seçim prosesindən keçib və nəticədə 3000 nəfər müraciətçi COP29 könüllüsü olaraq seçilib. COP29-a hazırlıq mərhələsində COP29 Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə ötən aylar ərzində müxtəlif istiqamətlərdə bir sıra intensiv təlimlər keçirilib.
Tədbirin açılışında çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 konfransının həm yerli, həm də qlobal əhəmiyyətindən danışaraq, bu prosesdə gənclərin, COP29 könüllülərinin vacib rolunu vurğulayıb. O, könüllülərin üzərinə düşən vəzifələri uğurla icra edəcəklərinə əminliyini ifadə edib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə heyətinin sədri, Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova çıxışında COP29 Könüllülük Proqramının konfransa hazırlıq prosesinin vacib istiqamətlərindən olduğunu qeyd edərək ötən aylar ərzində COP29 könülləri üçün təşkil edilən təlimlərdən bəhs edib. O, vurğulayıb ki, COP29 tədbirinin uğurlu icrasında əhəmiyyətli pay öz fədakar əməyi, nümunəvi davranışları ilə seçilən dayanıqlılıq səfirləri kimi çıxış edəcək COP29 könüllülərinin üzərinə düşür.
Tədbirə onlayn bağlantı vasitəsilə qoşulan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 könüllülərini sözügedən qlobal əhəmiyyətli tədbirdə iştirak etmək şansını qazandıqları münasibətilə təbrik edib, bu məsuliyyətli prosesin bir hissəsi olduqlarına görə təşəkkür edib və onlara uğurlar arzu edib. Tədbirin davamında BMT-nin Baş katibi Antonio Quterreşin COP29 könüllülərinə videomüraciəti də təqdim olunub.
Tədbirin sonunda COP29 könüllülərinin qarşısında həmçinin çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir Azərbaycanın bu konfransa ev sahibliyi etməsinə hazırlıqların və təşkilatçılığın yüksək səviyyədə icra edildiyinə xüsusilə diqqət çəkib və COP29 könüllülərinin konfransın səmərəli təşkilinə öz töhfələrini verəcəyinə inandığını qeyd edib.