Suriyada Əsəd rejimi devrildikdən sonra yeni liderin kim olması ilə bağlı suallar yarandı.
1xeber.media xəbər verir ki, artıq yeni liderin görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Bu şəxs müxalif qüvvələrə rəhbərlik edən Qolanidir. Əsl adı isə Əhməd əl-Şaraadır.
Suriya silahlı müxalifətinin liderlərindən biri olan əl-Şaraa, münaqişə dövründə müxalifətin əsas simalarından biri kimi tanınır. Onun adı daha çox Əbu Məhəmməd əl-Qolani (Culani) kimi önə çıxıb. Suriyadakı “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşmasının lideridir. 1982-ci ildə Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində anadan olub. Ailəsi Suriyanın Qolan bölgəsindən olduğu üçün “Qolani” (Colani) təxəllüsünü istifadə edir.
1989-cu ildə, yeddi yaşında ikən ailəsi ilə birlikdə Suriyaya qayıdan Qolani, gəncliyini Dəməşqin Mezze məhəlləsində keçirmişdir. Dəməşq Universitetinin Media fakültəsində təhsil alsa da, təhsilini yarımçıq qoyaraq 2000-ci illərin əvvəllərində İraqda ABŞ qüvvələrinə qarşı mübarizəyə qatılmışdır.
Mosulda ABŞ qüvvələrinə qarşı döyüşdükdən sonra Əbu Musab əl-Zərqavinin rəhbərlik etdiyi İraqdakı Əl-Qaidəyə qoşulmuşdur. 2006-cı ildə ABŞ qüvvələri tərəfindən həbs edilərək Əbu Qreyb, Taci və Bukka həbsxanalarında beş il saxlanılmışdır. 2011-ci ilin martında azad edildikdən sonra Suriyaya qayıdaraq vətəndaş müharibəsində iştirak etmiş və 2012-ci ilin əvvəlində “Nusra Cəbhəsi”ni qurmuşdur.
2016-cı ildə “Nusra Cəbhəsi”ni ləğv edərək, 2017-ci ildə “Heyət Təhrir əş-Şam” təşkilatını yaratmışdır. Bu qruplaşma Suriyada fəaliyyət göstərən ən güclü silahlı müxalifət qruplarından biri hesab olunur.
Həmin görüntüləri təqdim edirik: