"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncam ilə minimum əməkhaqqı gələn aydan 400 manata çatdırılacaq. Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Millət vəkili qeyd edib ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bu Sərəncama uyğunlaşdırılacaq və artırılacaq:
"Məbləğindən asılı olmayaraq, bu sektorlarda çalışanların maaşları artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqları artacaq”.