Yeni metro stansiyalarının tikintisi, ictimai nəqliyyatla təmin olunmanın təşkili ölkədə yeni söküntü zonalarının meydana gəlməsinə gətirib çıxarır, həmin ərazilərə ayrılan vəsaitlər isə yenidən daşınmaz əmlak bazarına qayıdır və bu da qiymət artımına təsir göstərir.
1xeber.media xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Axar TV-yə müsahibəsində deyib.
O, əmlak bazarında qiymət artımlarının qarşısını almağın mümkünsüz olduğunu bildirib:
“İctimai nəqliyyatla təminolunma, nəqliyyat infrastrukturuna yaxınlıq əmlakın qiymətləndirilməsi sahəsində ən vacib elementlərdən biridir. Əmlak qiymətlərinin təhlili göstərir ki, “Həzi Aslanov”, “Əhmədli” metrostansiyaları, o cümlədən bu kimi digər ucqar ərazilərdə mənzilin 1 kv.metrinin dəyəri 2 min manatı ötür. Qarşıdakı illərdə bu rəqəmlərin daha da artma ehtimalı böyükdür. “Koroğlu” metrosu yaxınlığında yeni tikililərdə bu gün hər kv.metrin qiyməti 2500 manat civarında dəyişir. Şəhər mərkəzinə doğru - Gənclik, Dədə Qorqud parkı, Təbriz küçəsinin “28 May” metrosu boyunca uzanan ərazilərində hər kv.m 3 min manatdan çoxdur. Baş planın icrası istiqamətində aparılacaq islahatlar nəticəsində bu qiymətlərdə artımın qarşısını, təəssüf ki, almaq mümkün olmayacaq”