1xeber.media xəbər verir ki,Gencexeber.az-a daxil olan çoxsaylı şikayətlərə əsasən, Gəncə şəhərində Akademik Z.Məmmədov adına xəstəxanasının Uşaq poliklinika bölməsində övladlarına məktəb və bağça üçün sağlamlıq haqqında arayışı almaq istəyən valideynlər uzun növbələrdə saatlarla gözləməli olurlar.
Hazırda məktəbəqədər hazırlıq qruplarına və məktəbin 1-ci sinfinə gedəcək uşaqlar üçün tibbi arayış almaq məqsədilə poliklinikaya üz tutan valideynlər yayın ən isti günlərində ciddi çətinliklərlə üzləşirlər. Şikayətçilər bildirir ki, qeydiyyatdan keçib digər müayinələrə icazə almaq üçün 2 saata yaxın vaxt sərf olunur. Poliklinika rəhbərliyinə narazılıq bildirildikdə isə “yayda işçi tapmaq çətindir” və ya “boş otaq yoxdur” cavabları verilir.
Hazırda poliklinikanın 2-ci mərtəbəsində ciddi sıxlıq yaşanır. Bildirilir ki, səhiyyə ocağında düzgün növbə sistemi qurulmayıb, habelə gözləyənlər üçün minimal şərait yaradılıb. Valideynlər qeydiyyat otaqlarının sayının artırılmasını və gözləyənlər üçün dəhlizlərdə ən azından ventilyatorların quraşdırılmasını istəyirlər.
İllərdir təkrarlanan bu problemə “ildə bir dəfə dözək” münasibəti artıq narazılıq doğurur. Valideynlər tələb edir ki, bu məsələ ilə bağlı səlahiyyətli qurumlar təcili tədbir görsünlər.