Avqustun 12-də Albaniya Prezidenti Bayram Beqay Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
1xeber.media xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
Bayram Beqay Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, həmçinin ABŞ Prezidentinin şahidliyi ilə bəyannamənin və digər sənədlərin imzalanması ilə bağlı dövlət başçısını təbrik edib. O, bu prosesdə nümayiş etdirdiyi əzmə və liderliyə görə Azərbaycan Prezidentinin rolunu xüsusi vurğulayıb. Eyni zamanda, Bayram Beqay ABŞ Prezidentinin prosesə verdiyi dəstəyi yüksək qiymətləndirib.
İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib. Dövlət başçısı regionda sülh gündəliyinin təşəbbüskarının və sülh müqaviləsinin mətninin müəllifinin də məhz Azərbaycan olduğunu vurğulayıb, Vaşinqtonda keçirilmiş görüş əsnasında qəbul edilmiş sənədlərin sülh gündəliyinin irəli aparılması baxımından önəminə toxunub. Prezident bu prosesə göstərdiyi dəstəyə görə ABŞ Prezidentinin rolunu qeyd edib.
Telefon söhbəti zamanı Azərbaycan ilə Albaniyanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.