Bir neçə ay əvvəl Yasamalda, keçmiş “Azon” zavodunun ərazisində ağacları kəsərək yeni yaşayış binası tikməyə hazırlaşan “Avant” şirkətinin hər gün bizə yaşatdığı bu səs-küyə, toz-torpağa “dur” deyən yoxdur. Bu videonu pəncərədən çəkmişəm. Təsəvvür edin, bu qədər yaxınımızda bu qədər səs və toz-torpaq. Səhər saat 08.30-dan 18.00-dək sökürlər, qazırlar, saat 22.00-dan səhər saat 05.00-dək də yük maşınları ilə daşıyırlar. Müvafiq qurumlara bir neçə sualım var. 1. Hörmətli Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsii, yaşayış binasının sadəcə 5-10 metrliyində yeni bina tikməyə icazə varmı? Bu, şəhərsalma qaydalarına uyğundurmu? Yoxsa, sadəcə bu tikintiyə göz yumursuz? Bu tikintiyə icazə verəndə ətrafda yaşayanları niyə nəzərə almamısınız? 2. Hörmətli Ekologiya və Təbii Sərvətlər Nazirliyi, biz nə vaxta qədər belə toz-torpağı udmalı və bu səs-küydə yaşamalıyıq? Heç olmasa gecə rahat yatmağımıza imkan yaradasınız bəlkə? Ağacları kəsdilər, indi də bizim nəfəsimizi kəsirlər axı. Spzünüz bu şirkətə keçmirsə, heç olmasa xahiş edin ki, havamızı bu qədər çirkləndirnəsinlər. 3. Hörmətli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi gecə insanların narahatlığına səbəb olan hallara nəzarət olunurnu? Olunursa, biz niyə aylardır gecə pəncərəmizi aça bilmirik? Səhərə qədər yük maşınlarına nəsə doldurulur, boşaldılır. Kim düşünməlidir ki, belə səs-küydə yaşamaq necə işgəncədir? Bizim rahatlığımızı kim təmin etməlidir? Bəlkə bu bimada yaşayanlar sakin deyil? 4. Bu sualım bütün müvafiq qurumlaradır. Tədbir görülməməsinə səbəb nədir? Şirkətin hər hansı yox, məhz “Avant” olması? Ümid edirəm, verdiyim suallara cavabları var. Bu ölkə yalnız kimlərinsə yox, hamımızındır. Kimsə bina tikib pul qazanacaq deyə, başqaları əziyyət çəkməli deyil. Bir az vicdan.
Nigar Sabirqızı