Bu gün Azərbaycanın görkəmli dövlət xadimi, Əfşarlar dövlətinin banisi Nadir şah Əfşarın döğum günüdür.
Mirzə Mehdi Astrabadi ,Nadirin hicri 1101-ci il məhərrəm ayının 28-də (miladi 1689-cu il noyabrda) doğulduğunu yazır.
fərasətli, əyilməz iradəsi və qətiyyətli xarakteri ilə diqqəti özünə cəlb edən Nadiri bəzi dövlətlər öz tarixi sərkərdələri adlandırsalar da,Nadir Şah Əfşar Azərbaycan xalqının ən tanınmış,ən cəsur və ən qüdrətli qəhrəmanlarından biridir.
Çox təəssüf ki, ölkəmizin daxilində də xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə və digər tarixi şəxsiyyətlərə, o cümlədən Babək, Cavanşir, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar və digər tarixi şəxsiyyətlərə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər də tapılır.
Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir. O, tarixin gedişini dəyişdirən dahi sərkərdədir. Can verməkdə olan, əraziləri əfqan tayfaları, Osmanlı və Rusiya imperiyaları arasinda bölüşdürülmüş Səfəvi imperiyasının bütün ərazilərini azad etmiş, hətta Hindistanın bir sıra ərazilərini, Orta Asiyanı fəth edib daha böyük bir imperiya-Əfşarlar imperiyasını yarada bilmişdir. Nadir şah keçirdiyi demək olar ki, bütün açıq döyüşləri, o cümlədən, uduzulmaqda olan döyüşəri qələbə ilə başa çatdıran cəsur döyüşçü və təkrarsız sərkərdədir.
Daha ağrılı, daha dərin təəssüf doğuran hal budur ki, bəzən dünyanın hər yerində, çox görkəmli tədqiqatçıların olduqca yüksək qiymət verdiyi Nadir şah Əfşar kimi dahi tarixi şəxsiyyətlərimizi də öz içərimizdə özümüz ləkələyirik! Belə addımı ixtisası tarixçi olan alimlər atdıqda lap mat qalırsan İnana bilmirsən ki, çökmüş Səfəvi imperiyasını yenidən dirçəldən, həmin imperiyanı öz aralarında bölüşdürmüş Çar Rusiyası və Osmanlı hərbi qüvvələrini, Şərqdən hücum etmiş əfqan müdaxiləçilərini qovub ölkədən çıxaran, yeni Azərbaycan Əfşarlar imperiyası kimi geniş ərazili bir dövlət yaradan, Hindistanı öz imperiyasından asılı hala salan, misilsiz sərkərdəlik istedadı ilə tarixi inkişafın gedişini öz ölkəsinin xeyrinə dəyişdirə bilən, mənsub olduğu xalqın ağır faciəsi olan məzhəb ayrılığını ləğv etməyə çalışan, həyata keçirdiyi inzibati ərazi islahatı ilə bütün tarixi Azərbaycan torpaqlarını bir vilayətdə birləşdirən və dünyada “Şərqin Napoleonu” kimi məşhur olan dahi sərkərdəni unutmağı tarix bizlərə heç vaxt bağışlamaz.
Nadir şah kimi dahilər barədə yazı yazmaq üçün əlinə qələm alanlar unutmamalıdırlar ki, bu cür şəxsiyyətlərə gördükləri böyük işlərə görə qiymət verilir. Məgər İskəndər, Böyük Karl, Pyotr, Napoleon, Bismark və başqaları öz məqsədlərinə qan tökmədən nail olmuşdular?!
Əgər kasıb, zəhmətkeş bir əfşar ailəsindən çıxmış igid-dəliqanlı öz hərbi sərkərdəlik istedadına, göstərdiyi qəhrəmanlıqlara görə böyük Səfəvi imperiyasının hərbi qüvvələrinin başçısı səviyyəsinə yüksələ bilmişsə, son Səfəvi hökmdarlarının səriştəsizliyi ucbatından ölkə dövlət müstəqilliyini itirdiyi zaman bütün xarici qüvvələri məğlub edib çökmüş imperiyanın yerində yeni Azərbaycan - Əfşarlar imperiyası yarada bilmişsə, hətta Hindistan kimi böyük ölkəni də öz dövlətindən asılı hala salmağa nail olmuşsa, biz nə üçün belə şəxsiyyətin və onun kimi dahilərin fəaliyyətində qüsurlar axtarışına çıxmalıyıq?!
Bəli, Nadir Şah sərt bir mühitin övladı idi. Yeniyetmə ikən atasını, sonra da anasını itirmiş, bütün ailəni dolandırmaq yükü onun boynuna düşmüş, hər cür məhrumiyyət görmüşdü. Tayfasının düşmənlərindən qisas almaq üçün başına dəliqanlılar toplamış, döyüşlərdə göstərdiyi şəxsi igidliyə görə ad-san qazanmışdı. Belə istedadlı sərkərdələrə möhtac olan Səfəvi şahları da onu xarici müdaxiləçiləri dəf etmək üçün köməyə çağırmış, imperiya ordusunun taleyini bu igid sərkərdəyə tapşırmışdılar. Bu cür başlanmışdı böyük sərkərdənin həyat yolu!
Bəli, Nadir şah satqınları, xainləri, dedi-qoduçuları, qorxaqları, saray hiyləgərlərini sevmirdi və onlara layiq olduqları cəzanı verirdi! Lakin dara çəkmək üçün çağırtdırdığı Şəki hakimi Hacı Çələbi kimi sözü qorxmadan üzə deyə bilən cəsurların isə boynundan ipi çıxartdırıb azad edirdi!
Bu da tarixi həqiqətdir ki, Nadir şah Əfşar son səfəvilərdən fərqli olaraq başçılıq etdiyi imperiyanın torpaq itirməsinə yol vermirdi, ən ağır döyüşlərdə şəxsi igidlik göstərərək azad etdiyi torpaqlarda mərkəzi hakimiyyətə qarşı qiyamlar qalxarkən amansız olurdu, dövlətin sərhədlərinin pozulmasına imkan vermirdi.
Unutmaq olmaz ki, məhz Nadir şah dövründə xalqımızın düşmənləri nə Azərbaycan torpaqlarına, nə də onun yaratdığı böyük Əfşar imperiyasına hücum etməyə cəsarət göstərə bildilər! Lakin onun ölümündən sonra tarixi inkişafın gedişi dəyişdi və Azərbaycan torpaqları bölüşdürüldü...
Nadir şah dahi sərkərdə olmaqla yanaşı, müdrik hökmdar idi. O, Səfəvilərdən fərqli olaraq dünyəvi dövlət qurmuş, İslam dünyasını parçalayan sünnü-şiə ayrılığına qarşı çıxmışdır. Bununla da Nadir şah ilk növbədə Osmanlı imperiyası ilə dini zəmində ixtilafı aradan qaldırmaq istəyirdi.
Unutmaq lazım deyil ki, tarix yalnız dahi şəxsiyyətlərin gördükləri böyük işlər, onların həyata keçirdiyi islahatlar və nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir.
Yazdığımız hər bir əsərdə, söylədiyimiz hər bir fikirdə azərbaycançılıq ruhunu uca tutaraq qüdrətli tarixi şəxsiyyətlərimizi xalqımıza olduğu kimi təqdim etmək, tarixi keçmişimizə sahib çıxmaq Azərbaycan ziyalısı olaraq hər birimizin müqəddəs borcudur.
Bu borcu layiqincə qaytarmağa çalışan Əfşarlar nəslinin nümayəndəsi ,tarixi yazar Cahangir Hüseyn Əfşarın Nadir Şah haqqında yazdığı əsər dahi sərkərdəyə və Azərbaycan tarixinə verilən qiymətdir.















