
Bir neçə gün əvvəl paytaxt Bakının əsas sərnişindaşıma yükünü daşıyan Bakı Metropoliteninin fəaliyyəti bir neçə saatlıq tam dayandı. Hadisə nəticəsində yüz minlərlə sərnişin tunellərdə və platformalarda qalaraq ciddi çətinliklərlə üzləşdi.
Rəsmi məlumata görə, fasiləyə səbəb kimi əsas elektrik xətlərində baş verən qısaqapanma və texniki nasazlıq göstərildi. Lakin bu müddətdə şəhərdə nəqliyyat sistemi faktiki olaraq iflic oldu, sərnişinlər küçələrdə qaldı. Mövcud vəziyyətdə avtobuslar əlavə yükü qarşılamaq üçün pulsuz xidmət göstərməyə məcbur oldu.
Hadisədən sonra Metropoliten rəhbərliyi sərnişinlərdən üzr istədi. Bir gün sonra isə bəzi şəxslərin cəzalandırıldığı barədə qısa məlumat yayılsa da, konkret adlar açıqlanmadı və məsuliyyət məsələsi cəmiyyət üçün açıq qaldı.
1xeber.media xəbər verir ki,bununla belə, Bizimesr.com-a daxil olan məlumata görə, metroda baş verən son hadisə ən yüksək səviyyədə müzakirəyə çıxarılıb və səbəblərin araşdırılmasına ciddi şəkildə başlanılıb.

















