Azərbaycan və Vyetnam birbaşa uçuşların təşkilini təşviq etmək barədə razılığa gəliblər. Məqsəd turizm axınını, ticarət dövriyyəsini və insanlararası əlaqələri artırmaqdır.
1xeber.media xəbər verir ki, bu müddəa Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Vyetnama rəsmi səfəri zamanı Vyetnam Prezidenti, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi To Lamla qəbul etdiyi birgə bəyanatda yer alıb.
Sənəddə enerji əməkdaşlığının genişləndirilməsi də nəzərdə tutulur. Tərəflər xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) təchizatı üzrə uzunmüddətli razılaşmaların əldə olunmasını prioritet kimi müəyyənləşdiriblər.
Azərbaycan və Vyetnam dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatı üzrə təcrübə mübadiləsi aparmağı, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı təşviq etməyi planlaşdırırlar. Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq məhsullarının bazarlara çıxışının asanlaşdırılması da razılaşdırılmış istiqamətlər sırasındadır.
Təhsil sahəsində qarşılıqlı tələbə təqaüdlərinin verilməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi və tələbələrlə tədqiqatçılar üçün davamlı mübadilə imkanlarının yaradılması nəzərdə tutulur. Bəyanatda qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və iki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələrinin təşviqi də yer alıb.
Qeyd edək ki, Azərbaycanla Vyetnam arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələr strateji tərəfdaşlığın qurulmasına dair birgə bəyanatı 2025-ci il mayın 7-də qəbul ediblər.















