Elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi statistikaya müəllim icmasından kəskin etiraz gəlib.
1xeber.media xəbər verir ki,nazirin "Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizi oxuduğunu başa düşmür" bəyanatı cəmiyyətdə və təhsil işçiləri arasında ciddi narazılıq doğurub.
Sosial şəbəkələrdə geniş rezonans doğuran etiraz bəyanatında bir qrup müəllim mövcud təhsil siyasətini kəskin tənqid atəşinə tutub.
Nazirin rəhbərliyi dövründə yerli təhsil ənənələrinin zəiflədiyi və sistemin getdikcə daha bərbad vəziyyətə düşdüyü iddia edilir.
Sertifikasiya prosesi və bu kimi bəyanatların müəllim nüfuzuna xələl gətirdiyi, təhsil verənlərin ictimaiyyət qarşısında aşağılandığı vurğulanır.
Müasir idarəetmə metodları tənqid olunaraq, sovet dövrünün təhsil sisteminin daha keyfiyyətli, fundamental və səmərəli olduğu önə çəkilir.
Təhsil sahəsinə gətirilən bəzi xarici modellər və kurikulum islahatları "sionist rejiminin və yad təsirlərin ölkə təhsilinə yeridilməsi" kimi xarakterizə olunur.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi islahatların əksinə olaraq təhsilin keyfiyyətini qaldırmağa və beynəlxalq standartlara uyğunlaşdırmağa yönəldiyini bildirir. Müəllimlər və nazirlik arasındakı bu konseptual qarşıdurma ölkə mediasında aktiv müzakirə mövzusu olaraq qalmaqdadır















