Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son illər Azərbaycana münasibətdə sərgilədiyi ikili standartlar və iyunun 24-də qəbul etdiyi son qətnamə ölkənin siyasi gündəmində ciddi etirazla qarşılanıb. Rəsmi Bakı sənəddə hüquqi deyil, tamamilə siyasi yanaşmanın üstünlük təşkil etdiyini bəyan edib. Mövzu ilə bağlı Milli Məclisin deputatları Tahir Rzayev və Müşfiq Cəfərov 1xeber.media-ya verdikləri açıqlamalarda beynəlxalq qurumun qərəzli fəaliyyətini kəskin tənqid ediblər.
Tahir Rzayev: "Uğurlarımızı həzm edə bilməyən qüvvələr və erməni lobbisi iş başındadır"
Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, AŞPA son illərdə qəbul etdiyi qərarlarla öz beynəlxalq nüfuzuna ciddi zərbə vurub. Qurumun obyektiv mövqedən getdikcə uzaqlaşdığını deyən deputatın sözlərinə görə, bu anti-Azərbaycan ritorikasının arxasında ölkəmizin müstəqil siyasətini, qazandığı tarixi hərbi, siyasi və diplomatik uğurları qəbul etmək istəməyən xarici dairələr, həmçinin erməni lobbisi dayanır.
T.Rzayev vurğulayıb ki, qəbul olunan bu tip qətnamələrin hüquqi baxımdan Azərbaycana heç bir təsir gücü yoxdur: "Azərbaycan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür və dövlətə qarşı fəaliyyət göstərən şəxslərə münasibətdə qanunvericiliyə uyğun tədbirlər görmək hüququna malikdir. Ölkənin enerji təhlükəsizliyi, strateji nəqliyyat layihələri və regional əməkdaşlıqdakı artan rolu bu cür qərəzli kampaniyaların təsirsiz olduğunu sübut edir".
Müşfiq Cəfərov: "Avropadakı daxili problemləri görməzdən gələnlər ikili standartlar tətbiq edir"
Digər millət vəkili Müşfiq Cəfərov da illər keçsə də AŞPA-nın Azərbaycana münasibətinin dəyişmədiyini və qurumun obyektiv beynəlxalq platformadan çox, geosiyasi maraqların alətinə çevrildiyini qeyd edib. Deputat bildirib ki, Assambleya sənədlərində rəsmi Bakının əsaslı arqumentləri və reallıqlar tamamilə gözardı edilir, yalnız anti-Azərbaycan mövqeli bəzi qeyri-hökumət təşkilatlarının və şəxslərin iddialarına yer verilir.
Avropanın özündə media azadlığının məhdudlaşdırılması, jurnalistlərin saxlanılması və etiraz aksiyalarına sərt müdaxilələr barədə ciddi faktların olduğunu xatırladan M.Cəfərov, AŞPA-nın həmin ölkələrə qarşı susqunluğunu ikili standartların bariz nümunəsi adlandırıb: "Qurum daxili problemlərin həlli əvəzinə, reallığı əks etdirməyən sənədlərin hazırlanmasına üstünlük verir. Amma bu qərəzli yanaşma bizim müstəqil kursumuza təsir edə bilməz".
Deputatlar yekun olaraq vurğulayıblar ki, ayrı-ayrı siyasi dairələrin kampaniyaları Azərbaycanı yolundan döndərə bilməyəcək və ölkəmiz beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsiplərinə sadiq qalmaqda davam edəcək.















