"Sular kəsildi", "təzyiq zəifdir", "filan qurum fəaliyyət göstərə bilmir"... Bu şikayətlər demək olar ki, hər gün sosial şəbəkələrin, xəbər saytlarının ana xəttini təşkil edir. Su kəsilən kimi aidiyyəti qurumların yaxasından yapışmağa, haqlı olaraq narazılıq etməyə adət etmişik. Yaxşı, bəs su gələndə nə edirik? Bax, mənzərə göz qabağındadır. Təəssüf ki, bir çox vətəndaşımız suyun gəlişini sevinc obyektinə yox, əsl israfçılıq kampaniyasına çevirir.
Məişətdə, həyət evlərində, binaların damında quraşdırılan su çənləri dolur, daşır, amma nə motoru söndürən var, nə də krantı bağlayan. Təmiz içməli su saatlarla boş-boşuna yollara, asfalta axır. Kimisi həyətyanı sahəsini sulamaq bəhanəsi ilə, kimisi də sadəcə laqeydlikdən krantları sonadək açıq qoyur. İçməli suyun tonlarla israf edilməsi, gələcəkdə qarşılaşacağımız quraqlıq təhlükəsini sanki hər kəsə unutdurur.
Ən qəribəsi isə odur ki, qapısının ağzından çay axıdan, bakının daşmasına məhəl qoymayan həmin vətəndaş, bir neçə saat sonra suyun təzyiqi düşən kimi yenidən şikayətə başlayır. "Sistem normal işləmir, vətəndaşı incidirlər" deyib günahı tamamilə qarşı tərəfə yükləyirik. Əlbəttə, aidiyyəti qurumların fəaliyyətində texniki problemlər, qəzalar ola bilər və bu tənqid olunmalıdır. Amma qəbul etməliyik ki, mövcud su qıtlığı fonunda ən böyük zərbəni elə öz laqeydliyimizlə özümüz vururuq.
Ekspertlər xəbərdarlıq edir: içməli su tükənən resursdur. Bu gün yollara boş yerə axıtdığımız hər damla, sabah övladlarımızın susuz qalması deməkdir. Dövlət qurumlarından keyfiyyətli xidmət tələb etmək hər birimizin hüququdur, lakin verilən sərvəti qorumaq da hər birimizin vətəndaşlıq və insanlıq borcudur. Çənləri nəzarətsiz buraxmazdan, krantı açıq qoymazdan əvvəl bir anlıq düşünmək lazımdır.
Unutmayaq, tənqid etməzdən əvvəl özümüzdən başlamalıyıq. Suyu israf etməyi dayandıraq ki, sabah şikayət etməyə əsasımız və ən əsası, içməli suyumuz olsun!
















