Bakı şəhərində avtobus dayanacaqlarındakı məlumat lövhələrinin yenilənməməsi sərnişinlər və paytaxtımıza gələn turistlər üçün əsl sınağa çevrilib. Böyük vəsaitlərlə qurulan elektron sistemlərin sıradan çıxması bir yana, onları əvəzləyən metal lövhələrdəki məlumatlar da illərdir dəyişmir. Sərnişinlər dayanacaqlarda mövcud olmayan avtobusları saatlarla gözləməli olurlar.
Bura Bakı şəhərindəki avtobus dayanacaqlarından biridir. Gündəlik minlərlə insanın istifadə etdiyi bu məkanlarda sərnişinlərin və turistlərin düzgün istiqamət tapması üçün quraşdırılan məlumat lövhələri hazırda funksiyasını tamamilə itirib. Uzun illərdir yenilənməyən bu lövhələr paytaxtın nəqliyyat sistemində ciddi çaşqınlıq yaradır.
Vaxtilə paytaxt nəqliyyatını müasirləşdirmək adı ilə dayanacaqlarda elektron məlumat lövhələri quraşdırılmışdı. Bu layihəyə dövlət büdcəsindən kifayət qədər böyük vəsait sərf olundu. Lakin qısa müddət sonra həmin bahalı avadanlıqlar baxımsızlıqdan sıradan çıxdı. Onların yerini isə adi, vizual görkəmi korlayan metal lövhələr tutdu. Amma problem təkcə lövhənin növündə deyil, onun üzərindəki yalançı məlumatlardadır.
hazırda Bilgəh-Koroğlu istiqamətindəki bu lövhədə 171 nömrəli marşrutun keçdiyi göstərilir. Halbuki bu avtobus artıq bir ildən çoxdur ki, ləğv edilib və 150 nömrəli marşrutla əvəzlənib. İnformasiyadan xəbərsiz sərnişinlər isə burada saatlarla gəlməyəcək bir avtobusu gözləyirlər.
Eyni mənzərə paytaxtın digər marşrutlarında da yaşanır. Bəzi yerlərdə 136 nömrəli avtobus göstərilsə də, faktiki olaraq həmin ərazidən 140 nömrəli marşrut keçir. Bakıda nəqliyyat məlumatlarının aktuallığı sərnişin rahatlığı üçün ən vacib amillərdən biridir. Lakin rəhbəri Anar Rzayev olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu elementar məsələyə lazımi diqqəti ayırmır. Aidiyyəti qurumun rəhbərliyi tərəfindən məsələyə biganə yanaşılması paytaxtın turizm imicinə də zərbə vurur.
Paytaxt sakinləri və şəhərimizin qonaqları aidiyyəti qurumlardan bu rəzalətə son qoyulmasını, Bakıdakı avtobus dayanacaqlarında marşrut məlumatlarının düzgün, operativ və müasir şəkildə yenilənməsini tələb edirlər. Mövzu diqqətimizdədir.













