Təbii qidaya qadağa, zəhərli idxala yaşıl işiq: AQTA-nın Heyvan Birjası və Palma Yağı Paradoksu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) fəaliyyəti, qəbul etdiyi qərarlar və xüsusilə qurum sədri Qoşqar Təhməzlinin ictimaiyyətə açıqlamaları yerli istehsalçılar, fermerlər və müstəqil ekspertlər tərəfindən kəskin tənqidlərlə qarşılanmaqdadır. Agentliyin son illərdə həyata keçirdiyi siyasət, qida təhlükəsizliyini təmin etməkdən daha çox, yerli kənd təsərrüfatı və heyvandarlıq sektorunun sıxışdırılmasına, eləcə də idxal olunan şübhəli qida komponentlərinə yol açılmasına xidmət edir.
AQTA sədri Qoşqar Təhməzlinin rayonlardakı 28-dən çox strateji heyvan bazarını "standartlara cavab vermir" bəhanəsi ilə qapatması və heyvan satışını fiziki formadan "elektron birja" prinsipinə keçirmək planı kənd təsərrüfatına vurulan ən böyük zərbədir. Əslində, Bakıda sərin kabinetdə, yumşaq kresloda oturub rəqəmsal dünyadan fikir bildirmək çox rahatdır. Qoşqar Təhməzlinin nə kefinə?! Onun hər şeyi var, kabinetində oturub rahatca qazandığını qazanır, elə bilir ki, kənddəki hamı da onun günündədir. O haradan bilsin ki, kəndli o mal-qaranı necə zülmlə, hansı əziyyətlərlə böyüdür?!
Axı internet şəbəkəsinin zəif olduğu, rəqəmsal platformaların nə olduğunu bilməyən ucqar kəndlərdə, ömründə smartfon işlətməyən sadə kəndli öz heyvanını rəqəmsal birjaya necə çıxaracaq? Heyvanın identifikasiyası, peyvənd məlumatlarının sistemə vurulması və çəkilişinin onlayn vitrinə yerləşdirilməsi kəndlinin anladığı və bacardığı iş deyil. Üstəlik, ənənəvi bazarda malını satıb dərhal nağd pul alan və gündəlik dolanışığını, xəstəsinin təcili dərman pulunu təmin edən kəndli, elektron birjada bank əməliyyatlarının və rəsmi sənədləşmələrin günlərlə çəkən prosedurunu necə gözləsin? Ənənəvi canlı bazarların qapadılması kəndlinin öz məhsulunu birbaşa satmaq imkanını əlindən alır, onu rəqəmsal texnologiyalara sahib olan holdinqlərin və vasitəçilərin insafına buraxır.
Ekspert və Deputat Xəbərdarlığı: Heyvandarlıqda Sürətli Azalma
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu 1xeber.media-ya açıqlamasında qida təhlükəsizliyinin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu vurğulayıb. Deputat rəsmi statistikaya diqqət çəkərək bildirib ki, Laçın və Kəlbəcər yaylaqlarının azad edilməsi heyvandarlığın inkişafına gətirib çıxarmalı olduğu halda, son 3-4 ilin rəsmi rəqəmlərində həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanların sayında ardıcıl və ciddi azalma müşahidə olunur. Deputatın fikrincə, bunun əsas səbəbi sahibkarın birbaşa bazara çıxışının süni şəkildə əngəllənməsidir. Araya vasitəçilər girdiyi üçün həm qiymətlər qalxır, həm də heyvandarlıq fəaliyyəti cəlbediciliyini itirir. Mexanizm düzgün qurulmadığı üçün AQTA-nın "təhlükəsizlik tədbirləri" qida təhlükəsizliyini təhdid edən əsas vasitəyə çevrilir.
İqtisadçı Xalid Kərimli də 1xeber.media-ya verdiyi şərhdə vurğulayıb ki, hazırda bu elektron birja komissiyasının və prosedurların fermerə hansı əlavə xərclər yaradacağı tamamilə qaranlıqdır. Ekspert qeyd edir ki, əgər bu rəqəmsal keçid fermerin üzərinə yeni rüsumlar və xərclər qoyacaqsa, bu, birbaşa ətin qiymətində yeni artımlara yol açacaq. Bazara çıxışı bloklanan, heyvanını sata bilməyən və saxlama xərcləri altında əzilən fermerlər çarəsiz qalıb ana mal-qaranı da kəsimə göndərərək heyvandarlıqdan imtina edirlər.
Qoşqar Təhməzli Palma Yağının Ölkəyə Gətirilməsində Niyə Bu Qədər Canfəşanlıq Edir? Arxasında Özümü Dayanır?
Yerli kəndlinin min bir əziyyətlə istehsal etdiyi təbii ətə və südə ağır şərtlər qoyan AQTA rəhbərliyi, xaricdən gətirilən şübhəli qida komponentlərinə gəldikdə tamam fərqli mövqe nümayiş etdirir. AQTA sədri Qoşqar Təhməzlinin mediada yer alan "Palma yağı da digər bitki yağları kimi insan qidası üçün yararlıdır, zərəri sadəcə bir mifdir" bəyanatı cəmiyyətdə hələ də böyük qəzəblə xatırlanır.
Bir çox Avropa ölkəsində xərçəng yaradan trans-yağlarla zəngin olduğu üçün istifadəsinə kəskin məhdudiyyətlər qoyulan, uşaq qidalarında tamamilə qadağan edilən palma yağının bir ölkə rəsmisi tərəfindən bu cür canfəşanlıqla müdafiə olunması ciddi suallar doğurur. İctimaiyyət haqlı olaraq soruşur: Qoşqar Təhməzli palma yağının ölkəyə gətirilməsində niyə bu qədər canfəşanlıq edir? Bəlkə bu milyardlıq idxalın və xaricdən gələn yağ biznesinin arxasında elə agentlik sədrinin özü dayanır? Yoxsa bu sahədə qurulan böyük monopoliya birbaşa onun şəxsi maraqlarına xidmət edir? Yerli təbii kərə yağı və süd istehsalını stimullaşdırmalı olan bir qurumun xaricdən gətirilən ucuz və keyfiyyətsiz palma yağlarının vəkili kimi çıxış etməsi, yerli heyvandarlıq sektorunun iqtisadi baxımdan çökdürülməsinə zəmin yaradır.
Nəticə: Sintetik Qidalara Məhkum Olunan Əhali
AQTA-nın bu qeyri-peşəkar tənzimləmə siyasəti nəticəsində yerli ət və süd istehsalı kəskin şəkildə aşağı düşür. Boş qalan daxili bazar ise xaricdən gətirilən, mənşəyi məlum olmayan dondurulmuş ətlərin, quru süd tozlarının və cənab Təhməzlinin yaşıl işıq yandırdığı palma yağlarının əsirinə çevrilir. Süni qiymət artımı fonunda əhali keyfiyyətli yerli məhsul yerinə sintetik qidalara məhkum edilir.
Bir tərəfdən ölkəyə tonlarla idxal edilən ucuz palma yağlarını sığortalayan, digər tərəfdən isə yerli kəndlinin nəfəsliyini kəsən heyvan bazarlarını qapadan AQTA rəhbərliyi tərəfindən həyata keçirilən bu siyasət ciddi şəkildə təftiş olunmalıdır. Cəmiyyət və yerli sahibkarlar Qoşqar Təhməzlidən utopik inzibati cəza mexanizmləri yox, yerli maldarlığın ayaqda qalması üçün real və praktik dəstək proqramları tələb edir. Çünki heç bir inhisarçı qüvvənin milyonluq idxal maraqları, millətin sağlığından və Azərbaycan kəndlisinin halal çörəyindən üstün ola bilməz.














