COP29 məqsədlərinə çatdı, Azərbaycan tarixi nəticə əldə etdi
Hələ BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində beynəlxalq aləm ABŞ-ın, Avropa İttifaqının (Aİ) iqlim dəyişmələri ilə əlaqədar yeni maliyyə hədəfinin müəyyən edilməməsi üçün süni maneələr yaratmaq cəhdlərinin şahidi oldu.
Elə bu səbəbdən Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, ABŞ prezidenti, o cümlədən Fransa bu mötəbər tədbirə qatılmadılar. Üstəlik, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qarayaxma kampaniyasında fəal iştirak etdilər. Bununla da dünyanı cənginə alan iqlim fəsadlarına qarşı biganə olduqlarını, həm də BMT-ni saymadıqlarını bir daha nümayiş etdirdilər.
Bütün bu kimi laqeydliklər azmış kimi, tədbirdə iştirak edən Qərbin bəzi nümayəndələri COP29 çərçivəsində də öz iyrənc əməllərindən əl çəkmək istəmədilər. Elə bu səbəbdən ölkəmizin vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəallar, həmçinin işğaldan zərər çəkmiş şəxslər onlardan birini, yəni
BMT xətti ilə tədbirə gəlmiş, Bakıda çoxsaylı görüşlər keçirməyi planlaşdıran ermənipərəst ABŞ konqresmeni Frank Peloninin Bakıdan rədd olmasını tələb etdilər və buna nail oldular.
Göstərdilər ki, Azərbaycana qarşı şər-böhtan kampaniyası aparan hər kəs nifrətə layiqdir və kimliyindən asılı olmayaraq lazımi cavabını alacaq.
Amma COP29-da iştirak edən və Aİ-ni təmsil edən Almaniyanın xarici işlər naziri Annalena Berbok ermənipərəstlərin sifarişi ilə “ənənə”sinə sadiq qalaraq gərginlik yaratmağa cəhd etdi. Belə ki, o, qatıldığı tədbirin mövzularından daha çox Azərbaycanda insan haqlarından danışdı, müxalifət nümayəndələri, həmçinn Qərbin buradakı şəbəkə fəalları ilə görüşlər keçirdi. Bununla da ermənilərə sadiq olduğunu nümayiş etdirdi. Şübhəsiz, onun COP29-un nə geosiyasi sammit, nə də insan hüquqları məsələlərinin müzakirə olunduğu hüquqi platforma olmadığını dərk etməməsi təəssüf
doğurur.
O, həm də bu kimi gedişləri ilə iqlim konfransının mahiyyətinə açıq şəkildə hörmətsizlik göstərdi. Bir sözlə, bu xanım nazir planetin gələcəyi ilə bağlı konstruktiv dialoq aparmaq əvəzinə, sözügedən beynəlxalq platformadan ölkəmizə qarşı növbəti siyasi hücum üçün istifadə etməyə çalışdı. Amma yaxşı olardı ki, o, Azərbaycanı tənqid etmək və beynəlxalq öhdəliklərə əməl etməməkdə ittiham etmək əvəzinə Almaniya hökumətinin rəsmi siyasəti ilə ziddiyət təşkil edən fikirlər səsləndirən dinc etirazçıların mütəmadi həbsindən, dini azlıqların, xüsusilə müsəlmanların hüquqlarının
pozulmasından, jurnalistlərə edilən hücumların sayına görə Avropada ən yüksək göstəricilərə malik olmasından, miqrantlara qarşı polis zorakılığından da söz açardı.
Ancaq bütün iyrənc cəhdlərin müqabilində rəsmi Bakı COP29-u yüksək səviyyədə keçirməyi, qarşıya qoyulan məqsədə nail olmağı bacardı. Faktlara müraciət edək. COP29-a qarşı yönəlmiş boykot çağırışlarına baxmayaraq, tədbirdə iştirak məqsədilə 196 ölkədən 77 min nəfər iştirakçı
qeydiyyatdan keçdi. Onların arasında 80-dən çox prezident, vitse-prezident və baş nazir də vardı.
Şübhəsiz, bu, Azərbaycanın qlobal səviyyədəki əhəmiyyətini bir daha nümayiş etdirdi. Bununla da rəsmi Bakı ona qarayaxma kampaniyası aparanlara öz sözünü dedi. Bildirdi ki, Azərbaycan heç də onların təsvir etmək istədikləri bir ölkə deyil. COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqləndi. Bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olundu.
Yeri gəlmişkən qeyd edək ki, COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir.
Üstəlik, inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul edildi. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.
Qeyd edək ki, iqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Prezident İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub. Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğurudur.
Əlisa Abasov,
Sabirabad rayonu, 5 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırma İdarəsinin Kadrlar üzrə
mütəxəssisi