Münaqişə bitdikdən sonra Ukrayna üç zonaya bölünəcək - Rusiya, hərbisizləşdirilmiş və Qərb.
1xeber.media xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Kötçedə siyasi mövsümün açılışında çıxışı zamanı deyib.
“Bu gün avropalılar “zərif” şəkildə təhlükəsizlik zəmanətlərindən danışırlar, lakin bu təminatlar əslində Ukraynanın parçalanması deməkdir”, - deyə Orban qeyd edib.
Onun sözlərinə görə, Qərb ölkələri artıq Ukrayna ərazisinin təxminən 20%-ni əhatə edən Rusiya zonasının mövcudluğunu de-fakto tanıyıb. O əlavə edib ki, bu zonaya neçə rayonun daxil olacağı ilə bağlı müzakirələr davam edir. Eyni zamanda, Orbanın sözlərinə görə, belə zonadan tamamilə imtina məsələsinə artıq baxılmır.
Macarıstanın baş naziri həmçinin təklif edib ki, Aİ liderləri Rusiya ilə təhlükəsizlik sazişini müzakirə etmək və bəlkə də imzalamaq üçün Moskvaya səfər etsinlər. Onun fikrincə, belə bir razılaşma çərçivəsində Ukraynanın NATO və Avropa İttifaqına daxil olmasından imtina edilməlidir.