
1xeber.media xəbər verir ki, Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan Rusiyanın Ermənistan hakimiyyətinə təsir göstərmək üçün yeni plan hazırladığını və baş nazir vəzifəsinə Samvel Karapetyandan başqa namizəd müəyyənləşdirdiyini iddia edib.
Sərkisyanın sözlərinə görə, Rusiyanın Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı payız planı uğursuzluğa düçar olub. O, yaz ayları üçün “Miqrant” adlı yeni əməliyyatın hazırlandığını bildirib.
Siyasətçinin iddiasına görə, bu plan çərçivəsində qaz amilindən və Rusiyada işləyən ermənilərdən istifadə edilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Moskvada Rusiyaya işləməyə gedən ermənilərin ölkəyə buraxılmaması yolu ilə Ermənistanda sosial narazılıq yaratmağa çalışa bilərlər.
Aram Sərkisyan həmçinin Vladimir Putinin Ermənistanın baş naziri postu üçün Samvel Karapetyandan başqa namizədinin olduğunu iddia edib.
“Karapetyan Putinin şəxsi oliqarxı olsa da, onun baş nazir olmaq şansı sıfıra bərabərdir. Artıq Rusiyanın Ermənistanın baş naziri vəzifəsi üçün başqa namizədi var. Samvel Karapetyan boş yerə ümid bəsləyir”, – deyə Sərkisyan bildirib.
Qeyd edək ki, bu açıqlamalar Aram Sərkisyanın iddialarıdır və Rusiyanın rəsmi qurumları tərəfindən təsdiqlənməyib.

















