ABŞ Prezidenti Donald Trampın yanvarın 21-də Vaşinqton Milli Kafedralında keçirilən dinlərarası dua mərasimi zamanı müsəlman din xadiminin oxuduğu azanı diqqətlə dinləməsi maraqla qarşılandı.
Həmin anın görüntüləri sosial şəbəkələrdə xüsusilə müsəlmanlar tərəfindən təqdir edildi. Yanvarın 20-də keçirilən inaqurasiya mərasimində müxtəlif din xadimlərinin dualar etməsinə baxmayaraq islam dinindən bir nümayəndənin yer almaması müzakirərə səbəb olmuşdu.
Bəzi ekspertlərin fikrincə, Tramp və yeni hökumət nümayəndələrinin iştirak etdiyi mərasimdə hər kəsin azanı hörmətlə dinləməsi həm də İslam dünyasına bir mesajdır.
Bəs Amerikada müsəlmanların özlərini ifadə imkanları necədir? Orda məzhəb ayrılığı varmı? ABŞ üçün islamın önəmi nədir?
Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, Trampın islam dini ilə bağlı mövqeyi əslində az-çox bəllidir:
“O, birinci prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı olaraq tanıdı, ABŞ səfirliyi bu şəhərə köçürdü, hətta qızı və yeznəsini də ora göndərdi. Həmin vaxt bütün islam aləmi Vaşinqtonun qərarına qarşı çıxmışdı.
Bütün bunlara baxmayaraq seçkilərdə ABŞ-dakı müsəlmanların və müsəlman icmaların əksəriyyəti Donald Trampa dəstək verdi. Bu dəstəyin əslində bir səbəbi Trampın LGBT-yə qarşı olması ilə bağlıdır.
Politoloq bildirib ki, ABŞ siyasətçiləri dini icmalar və inanclı insanlardan usta şəkildə istifadə edə bilir:
“ABŞ-da din dövlətdən ayrı olsa da, siyasətin ən yaxşı alətlərindəndir. Hətta bunu Hollivud filmlərində də görmək olar. Hətta burada dünyanın heç bir yerində olmadığı kimi müsəlman, yəhudi və ya xristian kimliyini saxlamaq mümkündür. ABŞ immiqrant ölkə olduğu üçün orada icmaların yaranması və təşkilatlanması asandır. Amma Vaşinqton bu icmalara hər zaman nəzarət edir və güclənməsinə də icazə vermir.
Trampın yeni prezidentlik dövründə müsəlmanlara qarşı mövqeyinin necə olacağını demək çətindir. Amma ilk prezidentliyi müddətində heç yaxşı deyildi”.