Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə veriləcək subsidiya əmsalları ilə bağlı yeni qərarlar qəbul edilib.
Bu barədə 1xeber.media muxtar respublikanın Nazirlər Kabinetindən məlumat verilib.
Belə ki, müvafiq qərarlara əsasən, 2025-ci ildə Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan, üzüm bağları üçün 8000 manatdan 14700 manata artırılıb.
Eyni zamanda intensiv meyvə bağları üçün isə qeyd edilən tarix üzrə salınan fındıq bağları üçün 4400 manatdan 8050 manata, şaftalı (nektarin) və ərik bağları üçün 4000 manatdan 24500 manata, püstə bağları üçün 4500 manatdan 6300 manata, armud bağları üçün 8000 manatdan 25200 manata, alma bağları üçün 11000 manatdan 32200 manata, xurma (xirnik) bağları üçün 3000 manatdan 7000 manata, badam bağları üçün 3500 manatdan 7350 manata, qoz bağları üçün 3300 manatdan 5600 manata artırılıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na müvafiq olaraq Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən əmsallara uyğun olaraq ödəniləcək.