Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
5-7 noyabr tarixlərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mübarizə İdarəsi tərəfindən “Qadın liderlərin səlahiyyətləndirilməsi: çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq mübarizədə gender perspektivlərinin nəzərə alınması” mövzusunda panel müzakirələri keçirilmişdir.
1xeber.media-nın məlumatına görə, korrupsiyaya qarşı mübarizə aparan 40-dan çox ölkəni təmsil edən prokurorluq, istintaq, habelə digər ixtisaslaşdırılmış qurumların və özəl sektorun 80-dən çox təmsil olunan yüksək vəzifəli şəxslərin, habelə beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbir UNODC tərəfindən qadın mentorluğunun, gender əsaslandırma səylərinin inkişafında təsiri haqqında məlumatlılığı artırmaq, habelə çirkli pulların yuyulmasına, terrorçuluğun maliyyələşdirilməsi və dələduzluğa qarşı mübarizədə qadınların iştirakını artırmaq və bu növ cinayətlərin qarşısının alınması üçün preventiv tədbirlərin həyata keçirilməsində əsas strateji məqamları müəyyən etmək məqsədilə keçirilmişdir.
Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş idarəsinin Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyeva iştirak etmişdir.
Tədbirdə Pirayə Səmədzadə-Əliyeva ML/TF (çirkli pulların yuyulması/terrorizmin maliyyələşdirilməsi) cinayətləri ilə əlaqəli qadınları hədəf alan onlayn fırıldaqların effektiv təqibi, bununla əlaqədar kriminoloji və sosioloji araşdırmaların nəticələri, habelə bu sahədə hökumət tərəfindən aparılan qanunvericiliyə dair islahatlar, əldə olunmuş müsbət təcrübə və nəticələr, bundan başqa mövzu üzrə mövcud qanunvericilik, aparılan islahatlar, preventiv tədbirlər və dövlət sahəsində görülən işlər barədə ətraflı məlumat vermiş, təqdimatla bağlı sessiya iştirakçıları tərəfindən verilmiş sualları cavablandırmışdır.