ABŞ Aviasiya və Kosmos Agentliyi (NASA) yeni kəşf edilmiş və 2024 YR4 adlandırılan asteroidin 7 il ərzində Yerlə toqquşma ehtimalının 1,33 faiz olduğunu bildirib.
1xeber.media xəbər verir ki, NASA-nın Yerə Yaxın Obyekt Tədqiqatları Mərkəzi keçən il kəşf edilən sözügedən göy cisminin 22 dekabr 2032-ci ildə Yerlə toqquşma ehtimalını araşdırıb.
2024 YR4-ün Yerlə toqquşma ehtimalı 1.33 faiz olaraq hesablanıb. Bu rəqəm indiyə qədər qeydə alınmış ən yüksək toqquşma ehtimallarından biri kimi qiymətləndirilir. Asteroidin ölçüsünün 40-100 metr arasında olduğu təxmin edilir.
Digər tərəfdən, astronomlar 2024 YR4-ün gəniş miqyasda fəlakət yaratmayacağını, lakin əgər Yerə çırpılarsa, 50 kilometrlik bir sahəyə zərər vura biləcəyini bildirir.
Asteroidin mümkün çırpılma nöqtələri isə Sakit okean, Şimali Amerika, Afrika və Cənubi Asiya regionlarıdır.
Beynəlxalq kosmik agentliklər qeyd edirlər ki, 2024 YR4-ün monitorinqi davam etdiriləcək və asteroidin toqquşması halında istiqamətinin dəyişdirilməsi üçün səylər göstəriləcək.