1xeber.media xəbər verir ki lent.az-ın “bir sual bir cavab” rubrikasında növbəti mövzu zaminlik ilə bağlıdır.
Qanunvericiliklə kreditin təminat üsullarından biri də zaminlikdir. Zaminlik öhdəliyinin yaranması üçün ilk öncə tərəflər arasında müvafiq yazılı formada bağlanmış zaminlik müqaviləsinin olması mütləqdir. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
Zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür.
Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər.