İran prezidenti Məsud Pezeşkianın Təbrizdə ana dilində danışması və böyük ustad Şəhriyardan iki bənd şeir söyləməsi ilə bağlı yaranan xoşagəlməz durum ilk növbədə İran dövlətinin dünyadakı reputasiyasına zərbədir.
Mədəni dünya təkcə bu epizoda görə İranın nə biçim dövlət olmasına, bu ölkədə demokratiya və söz azadlığının səviyyəsinə dair aydın qənaətə gələ bilər.
Təsəvvür edin, ölkənin prezidentinə öz ana dilində şeir deməyi irad tuturlar və o, pərt-pərt “iki bənd şeir deməklə problem olmaz” deyə vəziyyətdən çıxmağa çalışır.
Hansı ölkədə kim nə ixtiyarla çıxış etməkdə olan prezidentə yaxınlaşa və ona kağızda xəbərdarlıq qeydi uzada bilər? Dünyada belə bir presedent yoxdur. Amma İranda oldu.
Pezeşkiana yaxınlaşan və ona kağız uzadan adam, söz yox ki, onun öz komandasının üzvüdür, köməkçilərindən biridir. Bəs kağızı göndərən kimdir? Yəqin ki, bu şəxs ali dini liderin Təbriz şəhərindəki nümayəndəsi və ya SEPAH-ın yerli bürosunun şefidir.
Belə anlaşılır ki, həmin şəxslər özlərini prezidentdən daha üstün mövqedə sayırlar. O qədər üstün ki, ona harada neçə çıxış etməyi, necə danışmağı diqtə edirlər.
Bir prezident xalqın qarşısında başqa dildə, auditoriyadakı insanların dilində danışanda nə olacaq ki? Bu, ona və təmsil etdiyi hakimiyyətə yalnız müsbət xallar gətirə bilər. İnsanlar qarşılarında çıxış edən dövlət adamını özlərindən biri sayarlar.
Ondan da keçən yerdə, İranda yaşayan ən böyük etnik qrupun məhz İran türkləri olduğu faktdır. Onlar İranda say çoxluğuna görə ya birincidilər, ya da ikinci. Amma işə bax ki, öz dillərində danışa, yaza, kitab oxuya bilməzlər. Belə bir müstəsna hüquq hətta ölkənin prezidentinə də verilmir.
Bu, onu göstərir ki, 1979-cu ildə hakimiyyətə gələn mollaların milli-etnik azlıqlara yönəlik siyasəti şah dövründəkindən də artıq dərəcədə mürtəce xarakter alıb. O dövrdə Məhəmmədrza şah Pəhləvi özü şair Məmmədhüseyn Şəhriyarın ziyarətinə gəlib. Şah sarayında keçirilən təntənəli tədbirlərdə dövrün populyar müğənnisi Ququş Pəhləvilərin özünün də iştirak etdiyi mərasimdə Azərbaycan türkcəsində mahnılar (“Ayrılıq”, “Səknə dayı qızı, lay-lay” və s.) oxuyub. Amma indi prezident “Heydərbaba, igid əmək itirməz” deyə bilməz. Zalda bu dili bilməyənlər varmış! Bilmirlər, öyrənsinlər, nə çətin işdir ki. İran azərbaycanlılarının, demək olar ki, hamısı fars dilini bilirlərsə, farslar da Azərbaycan türkcəsini öyrənsinlər. Olmazmı? Qəbahətdirmi?
Çoxmillətli ölkələrin təcrübəsinə baxaq. İsveçrədə 4 rəsmi dil var: almanca, italyanca, fransızca, romanşca. Hamı bir-birilə sərbəscə anlaşır.
Belçika xalqı 3 səmi dildə danışır: hollandca, fransızca, almanca. Üçü də işlənir
Kanadada ingilis dili ilə yanaşı fransız dilində də danışırlar.
Lüksemburqda ana dili ilə paralel fransız və alman dili işləkdir.
Totalitarizm və təkpartiyalı diktatura yuvası olan SSRİ-də belə rəsmi dil rus dili olsa da, hər bir müttəfiq respublika öz milli dilində danışır, təhsil verir, kino çəkir, qəzet, kitab çap edir, radio-televiziya verilişləri hazırlayırdı.
İran isə hələ də bu ayıbı davam etdirir, nəinki sayı milyonlarla ölçülən etnik qruplara öz ana dillərini inkişaf etdirmək imkanı vermir, hətta onu sıxışdırır, rəsmi müstəvilərdə işlənməsinə qadağa qoyur, məişət səviyyəsində qalmasına çalışır. Rublun üzərində belə 15 dildə qeydlər vardı: qrivna, manat, som, sum, tenge, dram, lari və s.
Böyük bir etnosun dilinə bu sayaq barmaqarası baxmaq şovinizmdir. Müasir dünyada bunu ancaq totalitar rejimlərin hökmranlıq etdiyi ölkələrdə edirlər. Hər bir xalqın öz ana dilində danışmaq, yazmaq-oxumaq haqqı var.
Bu baxımdan prezident Pezeşkiana qarşı edilən hərəkət böyük qəbahətdir və İranda etnik siyasətin bərbadlığının bariz göstəricsidir.
Bu, eyni zamanda onu göstərir ki, mollakratiya ilə prezident Pezeşkian arasında gizli ixtilaf var. Demək, İranda dövlət idarəetməsi sahəsində ciddi islahatlar aparılmalıdır. Xalqın səsini alaraq qanuni şəkildə dövləti idarə etmək hüququ qazanmış şəxsin iradəsinin üstündə heç bir dini-siyasi-hərbi təşkilatın hakimiyyəti ola bilməz. Dövlət ömürlük hökmdar elan edilmiş şəxs tərəfindən idarə ediləcəksə, o zaman daha prezident seçkisi keçirməyə nə ehtiyac var?
Araz Altaylı, Musavat.com