Son bir ildə Azərbaycanda problemli kreditlərin məbləğində 4,6 faiz artım müşahidə olunub. Bu ilin fevral ayının statistikası da ürəkaçan deyil. Belə ki, ayın 1-dək vaxtı keçmiş kreditlərin məbləği 475,1 milyon manat olub.
Bu, yanvarın 1-i ilə müqayisədə 5,8 faiz çoxdur. Vətəndaşların əksəriyyəti mövcud prosesi kredit faizlərinin yüksək olması ilə əlaqələndirirlər.
Problemli kreditlərin həlli ilə bağlı hansı addımlar atılmalıdır?
İqtisadçı Natiq Cəfərli deyib ki, problemli kreditlərin həcmi təhlükəli həddə deyil.
“Amma tendensiya qorxuludur, çünki problemli kreditlərin həcmi yavaş-yavaş artır. Ümumi kredit portfelinin 3 faizə qədəri və ondan çoxu problemli kredit kateqoriyasına daxil olan zaman təhlükə yaranır. Bizdə hələ bu, 1.8 faiz civarındadır”.
İqtisadçı kredit faizlərinin yüksək olduğunu təsdiqləyib:
“Eyni zamanda əhali də istehlak kreditlərinə çox müraciət edir. Bu, belə davam edərsə, problemli kreditlərin həcmində də artım müşahidə oluna bilər”.
Globalinfo.az