İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında bağlı qapılar arxasında aparılan danışıqlar artıq yeddinci saatdır ki davam edir.
1xeber.media Rusiya KİV-ə istinadən xəbər verir ki, danışıqlar İstanbulda ABŞ baş konsulluğunun binasında aparılır və tərəflər başlıca olaraq səfirliklərin normal fəaliyyətlərinin bərpa olunması məsələsini müzakirə edirlər.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Səudiyyə Ərəbistanında keçirilən öncəki görüşdə sözügedən məsələ ilə bağlı ilkin razılaşmaların əldə olunduğunu bildirmişdi.
Türkiyədə keçirilən görüşün ekspertlər səviyyəsində aparıldığı qeyd olunur.
xxx
11:09
Türkiyədə ABŞ-nin İstanbuldakı baş konsulluq binasında Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar prosesi start götürüb.
1xeber.media xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, tərəflər diplomatik missiyaların fəaliyyətindəki problemləri müzakirə edəcəklər. Konsulluq binasının qarşısındakı meydançaya dünyanın müxtəlif ölkələrindən jurnalist heyətlərinin toplaşdığı bildirilir.
Xatırladaq ki, bundan əvvəl, fevralın 18-də ABŞ və Rusiya nümayəndələri arasında Ər-Riyadda Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar aparılmışdı. Nümayəndə heyətlərinin rəhbərləri – ABŞ dövlət katibi Marko Rubio və Rusiya XİN rəhbəri Sergey Lavrov Ukrayna üzrə danışıqlar qrupunun yaradılması ilə bağlı razılığa gəlmişdilər. Tərəflər görüşün nəticələrindən razılıq ifadə etmişdilər.