Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır
30 ilə yaxın hərbi işğal və təcavüzə son qoymaqla bölgədə yeni reallıqlar və sülh üçün tarixi imkanlar yaradan 44 günlük Vətən müharibəsinin taleyini həll edən Şuşa Zəfərindən 4 il ötür. Ölkəmiz və regionumuz üçün yeni dövrün başlanğıcını qoyan bu tarix Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur.
Bu münasibətlə həmin gün Bakıda parlaq Zəfərimizlə bağlı bir çox rəmzləri özündə əks etdirən yeni simvolumuzun, Zəfər parkının açılışı da keçirilib. Dövlətimizin başçısı burada üçrəngli Dövlət Bayrağımızı ucaldandan, Zəfər abidəsinin önünə əklil və gül dəstələri qoyandan sonra xalqımıza müraciət etdi. Prezident bildirdi ki, 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir: “Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, artıq ərazilərimizdə separatçılığın kökü kəsilib, kitabı bağlanıb. Yəni, artıq Qarabağ torpağında separatçıların izi-tozu da qalmayıb. “Biz hazırlaşırdıq, güclü ordu yaradırdıq, iqtisadi inkişafı təmin edirdik”, – deyən Prezident İlham Əliyev, həmçinin qeyd edib ki, iqtisadi inkişaf, siyasi çəkimizin böyük olması, beynəlxalq tribunalarda sözümüzü qətiyyətlə deməyimiz, xalq-iqtidar birliyi, gənc nəslin
yetişdirilməsi, cəmiyyətdə vətənpərvərlik ruhunun bərqərar olması – bütün bu amillər Qələbəyə doğru bizi aparırdı və bütün bu amillərin cəmləşməsi bu Qələbəni mümkün etmişdir.
Qeyd edilməlidir ki, Ermənistanın arxasında duran bir çox dövlətlər bizim bu işğalla barışmağımız üçün müxtəlif üsullardan istifadə edirdilər. Eyni zamanda, qeyd edirdilər ki, guya Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Amma onlar ərazilərimizi 30 il əsarət altında saxlayan Ermənistana bir dəfə də işğal etdiyiniz Azərbaycan ərazilərindən çıxın demirdilər. Bununla da başımızın altına əgər belə demək mümkünsə, yastıq qoymaq istəyirdilər. Amma Prezident, Müzəffər Ali Baş Komandan sübut etdi ki, bunun hərbi həlli var. Və həll də etdi. Daha doğrusu, bu məsələyə birdəfəlik həlledici nida işarəsi qoydu. “Qarabağ Azərbaycandır və nida”nı, yəni bu Qələbəni Rusiya Prezidenti
Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla birgə imzaladığı 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdi.
Xalq müraciətində bu məqama da toxunan dövlətimizin başçısı vurğulayıb ki, onların planlarında məsələni həll etmək yox, işğala son qoymaq yox, Azərbaycan torpaqlarını erməni işğalının altında əbədi saxlamaq idi: “Biz isə bu vəziyyətlə barışa bilməzdik”. Barışmadıq da.
Şübhəsiz, bu məsələdə nəyin bahasına olursa-olsun, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi danışıqlar mövzusu olmayaca deyən və nəyi nə vaxt etmək lazım olduğunu yaxşı bilən Müzəffər Ali Baş Komandanın xidmətləri misilsizdir.
Ermənilərin Qarabağı, Şərqi Zəngəzuru viran qoymalarını diqqətə çatdıran dövlətimizin başçısı müharibədən sonra Ermənistanın, eləcə də onların Qərbdəki havadarlarının həyasızlığından da söz açıb. Bildirib ki, indi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: “Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. Bununla da onlar Ermənistanın vəhşiliklərini ört-basdır
etməyə çalışırlar. Üstəlik, onlar, başqa sözlə desək, anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər.
Ermənistanı sılahlandıranlar arasında Fransa və Hindistan ön sıralarda dayanır. Bu həmin Hindistandır ki, bir tərəfdən Ermənistanı silahlandırır, regionda sabitliyi pozmağa cəhd edir, digər tərəfdən BMT Təhlükəsizlik Şurasının üzvü olmaq istəyir. Sülhə qarşı olan, açıq
şəkildə militarizasiya siyasəti həyata keçirən bir dövlət BMT TŞ-nin daimi üzvü ola bilməz. Onsuz da daimi üzvlər arasında belələri var artıq. Fransanın yanına Hindistanı əlavə etmək sülhə böyük zərbədir. Amma bir məsələni də vurğulayaq ki, Fransanı da, Hindistanı da Azərbayaca qarşı siyasətə təhrik edən ABŞ, konkret desək Bayden administrasiyasıdır. Amerika xalqı seçkidə Bayden administrasiyasına lazım olan cavabı verdi. Yarıtmaz Bayden siyasəti sona çatır. Riyakarığın kuliminasiya nöqtəsinə yüksələn Bayden administrasiyası dünyanı qan çanağına çevirdi. Nə Bayden, nə Makron nə də Hindistanın bu siyasəti Azərbaycanı müstəqil və güclü siyasətdən döndərə bilməz.
Odur ki, bütün təhdidlərə baxmayaraq, bölgədə sülhün, əmin-amanlığın bərqərar, daha doğrusu, davamlı olması istiqamətində səylərini davam etdirir: ”Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır”. Dövlətimizin başçısı, həmçinin xatırladıb ki, əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq: “Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir”.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri