İranın xarici işlər naziri Abbas Arakçı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçiriləcək nüvə danışıqları çərçivəsində Omanın paytaxtı Maskata səfər edib.
Bu barədə məlumatı İRNA yayıb.
Hər iki tərəfin Omanın xarici işlər naziri ilə ayrı-ayrılıqda görüşlər keçirəcəyi gözlənilir.
Danışıqların yaxın bir neçə saat ərzində Omanın xarici işlər nazirinin vasitəçiliyi ilə başlanacağı bildirilir.
Qeyd edək ki, S.Uitkoff da hazırda Maskatdadır.
Xatırladaq ki, bu, Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından sonra Tehran və Vaşinqton arasında ən yüksək səviyyəli ilk danışıqlardır.
***
İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başlayıb.
Bu barədə İran XİN sözçüsü İsmayıl Bəqayi bildirib.
Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Arakçı ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında dolayı danışıqlar başlayıb.
Qeyd edilib ki, nümayəndə heyətləri ayrı-ayrı otaqlarda olacaq və Oman rəsmiləri mesajları çatdıracaq.