Bakıda təmir edilən binanın üzərindəki Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhə niyə bərpa edilmir? - RƏSMİ AÇIQLAMA
Səhiyə Nazirliyinin Həsən bəy Zərdabi 96 ünvanında yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhənin təmirdən sonra bərpa edilməməsi müzakirələrə səbəb olub.
Narazılıq edənlər sözügedən binanın tam şüşələnməsi, tarixi görkəmindən əsər-əlamət qalmamasını da tənqid ediblər.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin müdiriyyətindən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bina müasir üslubda əsaslı təmir edilib.
"Məhəmməd Əmin Rəsulzadənin sözlərinin və bayraq ornamentinin konseptual layihəsinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq", - məlumat qeyd olunub.
Qeyd: Həmin bina 1993-cü ildə tikilərək istifadəyə verilib, Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi kimi fəaliyyət göstərir.