Birləşmiş Ştatlar iki həftə ərzində Ukraynadakı münaqişənin həlli ətrafında vəziyyətin daha aydın olub-olmadığını görəcək.
1xeber.media xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp deyib.
"İki həftə ərzində biz [Rusiya prezidenti Vladimir] Putinin münaqişəni davam etdirmək istəyib-istəmədiyini anlayacağıq. Əgər belə olsa, biz başqa cür cavab verəcəyik. Hazırda onun müharibəni bitirmək istəyib-istəmədiyini dəqiq deyə bilmərəm", - dövlət başçısı qeyd edib.
Tramp həmçinin vurğulayıb ki, onun Rusiya ilə bağlı bəyanatları “çox yüksək səslənir” və belə bir ehtiyac yaranarsa, o, Putin və Ukrayna lideri Vladimir Zelenski ilə üçtərəfli görüş keçirməyə hazırdır.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə danışıqların ikinci mərhələsinin iyunun 2-də İstanbulda keçiriləcəyini bildirmişdi. Onun sözlərinə görə, Rusiya Ukrayna nümayəndə heyətinə danışıqların ikinci raundunun gedişi ilə bağlı memorandum təqdim etməyə hazırdır.