“Qurbağa əti kimi qidaların menyulara daxil edilməsinin 3 əsas əlaməti var - iqlim şərtləri, iqlimdən doğan etnoqrafik vərdişlər və qida ənənələri”.
1xeber.media xəbər verir ki, bunu Azərbaycan Dövlət Turizm Agentliyinin Qastro Turizm bölümünün rəhbəri Səkinə Əsgərova deyib.
O, son zamanlarda ölkədəki restoranlarda qurbağa ətinin verilməsini şərh edərkən qeyd edib ki, bu kimi qidaların ictimai iaşə müəssisələrində təklif edilməsi texnologiya ilə bağlıdır: “Ənənəvi qastronomika artıq dəyişib. Bu da aşpazların trendləridir. Qurbağa əti bir çox ölkələrin milli mətbəxidir. Lakin burada iqlim əsas şərtdir. Eyni zamanda genetik uyğunluq və davamlılıq da önəmlidir.Tələbata uyğun olaraq restoranlar məmnunluğu təmin edir”.
Bir müddətdir gündəmdə olan bu məsələ ilə bağlı həkimlər bildiriblər ki, qurbağa ətinin tərkibində ciddi parazitlər, bakterial infeksiyalar var. Qurbağa daha çox çirkli sularda yaşadığı üçün salmonella, ayremonas kimi infeksiyalarla zəngin olur. Eyni zamanda tərkibində güclü, öldürücü xüsusiyyətə malik olan zəhərli maddələr var. Qurbağa əti həddindən artıq allergik reaksiyaya, hətta anaflaktik şoka qədər gətirib çıxara bilər.