Azərbaycanın Rusiyaya ixrac etdiyi kartof, pomidor, şaftalı və nektarin “zərərverici” bəhanəsi ilə hədəfə alınıb. Bu barədə Rusiyanın Qida Təhlükəsizliyinə Nəzarət Xidməti (Rosselxoznadzor) məlumat yayıb. Qurumun mövcud addımı diqqət çəkib, çünki Rosselxoznadzor Rusiya üçün əsas sanksiya alətlərindən biri hesab olunur.
Ekspertlərin fikrincə, qərar siyasi və iqtisadi motivlər daşıyır və birbaşa sahibkarları çətin vəziyyətə sala bilər. Bəs bu prosesin arxasında nə dayanır? Rusiya əslində nə etmək niyyətindədir?
Məsələ ilə bağlı Globalinfo.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirib ki, Azərbaycan təchizatçıları uzun illərdir Rusiyaya pomidor, nektarin və şaftalı ixrac edirlər.
Onun sözlərinə görə, kartof kimi məhsullar isə nisbətən az miqdarda ixrac olunur:
“Son illərdə süd və süd məhsulları, xüsusilə də kərə yağı ixracı diqqət çəkir. Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlərin müvəqqəti xarakter daşıdığını düşünürəm. Çünki illərdir Azərbaycan fermerləri və təchizatçıları bu məhsulları Rusiya bazarına çıxarır. Məncə, yerli istehsalçılar Rusiya bazarının və qida təhlükəsizliyi qaydalarını yaxşı bilir deyə onlara əməl edir”
Ekspert məsələnin tezliklə həll olunacağına və ixracın davam edəcəyinə inanır:
“İlk növbədə Rusiya bu məhsulların idxalında maraqlıdır. Azərbaycan illərdir həmin məhsulları ciddi həcmdə Rusiya bazarına çıxarır. Bu baxımdan, Rusiyanın daxili tələbatını nəzərə alsaq, qarşılıqlı şəkildə müvafiq qurumlar məsələyə həll yolu tapacaq və proses hər iki tərəfin maraqlarına uyğun davam edəcək. Adıçəkilən məhsullar Azərbaycanda kifayət qədərdir və ölkə onların ixracında maraqlıdır. Rusiya isə bu məhsulları almaqda maraqlıdır. Hazırda Rusiyanın müxtəlif ölkələrlə problemləri və sanksiyaları var. Bu fonda münasibətləri normal olan ölkələrdən biri Azərbaycandır və bu çərçivədə də ticarət və ixrac-idxal məsələlərinin davam edəcəyini düşünürəm”.
Rusiya Azərbaycana miqrantlarla və qida təhlükəsizliyi ilə təzyiq etməyə çalışır. Amma hər iki amil onun özünə daha çox lazımdır. Miqrantlarsız Rusiyanın sosial-iqtisadi həyatı iflic ola bilər. Meyvə-tərəvəzə yaratdığı süni problem isə yenə öz əleyhinə işləyəcək. Rəsmi Moskvanın Bakıya ənənəvi təzyiq alətləri, demək olar, əlindən çıxıb. Rusiya mer-meyvə, kartof-soğan “silahına” sarılıb. Necə deyərlər, Kreml “üç badam bir qoz” siyasəti aparır…