Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Donald Trampla münasibətlərin mümkün pisləşməsinə hazır olduğunu bildirib. Vladimir Putinin sözlərinə görə, o, Donald Trampın Rusiyaya qarşı sanksiyaları sərtləşdirə biləcəyini anlayıb.
1xeber.media xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr “Nyu-York tayms”a bildiriblər.
Qəzetin yazdığına görə, Vladimir Putin hesab edir ki, Kiyevin güzəşti olmadan Ukraynadakı münaqişəyə son qoymaq mümkün deyil. O, əmindir ki, Rusiyanın döyüş meydanında üstünlüyü artır və Ukraynanın müdafiəsi yaxın aylarda sındırıla bilər.
Mənbələr bildirir ki, Vladimir Putin Kiyevin Moskvanın tələblərinə təslim olmasına nail olmaq üçün Donald Trampla münasibətləri korlamağa hazırdır.
Donald Tramp artıq Rusiya prezidentinin hərəkətlərindən narazılığını bildirib. Tramp qeyd edib ki, Vladimir Putinin nəzakəti mənasızdır. İyulun 8-də o, Rusiyaya qarşı yeni sanksiyaların mümkün tətbiqini elan edib və Ukraynaya silah göndərilməsini təsdiqləyib.