Nikol Paşinyan bəzi komanda yoldaşlarına bildirib ki, Ermənistan böyük ehtimalla gələn ilin fevralında KTMT-dən çıxacaq.
1xeber.media xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Xatırladaq ki, ötən ilin fevralında o, Ermənistanın təşkilata üzvlüyünü dondurduğunu açıqlamışdı.
Aylardır Ermənistanın müxtəlif hökumət nümayəndələri KTMT-ni üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid edir, üzvlüyün dondurulmasının səbəbinin bu olduğunu bildirirdilər.
2023-cü ilin sentyabrından Ermənistan, Paşinyanın sözlərinə görə, KTMT proseslərində iştirakını dayandırıb.
KTMT nizamnaməsinə görə, üzv dövlətlərdən hər hansı biri iki il ərzində üzvlük haqqını və büdcədə nəzərdə tutulan xərcləri ödəməzsə, o zaman həmin dövlətin strukturda qalmasının məqsədəuyğunluğu müzakirə edilir.
KTMT-nin büdcəsi bütün üzv ölkələr arasında bölüşdürülür: onun yarısını Rusiya ödəyir, qalan 50% isə digər 5 iştirakçı arasında bərabər bölünür.
Bir neçə gün əvvəl Nikol Paşinyan keçirdiyi mətbuat konfransında KTMT-dən danışarkən deyib ki, Ermənistanın KTMT-dən çıxma ehtimalı münasibətləri dondurmaqdan daha çoxdur.