“Qarabağ” və“Sabah” növbəti mərhələ şansını təmin edib. “Araz-Naxçıvan” dünənki kimi oynasa, rəqib meydanında ən azı heç-heçə edəcək. Bircə “Zirə” sual altında qalır, burada da baş məşqçinin rəqibi necə təhlil etməsi, yəni, zəif nöqtəsini tapması əhəmiyyətli olacaq”.
Bu sözləri Teleqraf-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) sabiq prezidenti Ramin Musayev deyib.
62 yaşlı keçmiş funksioner UEFA Çempionlar Liqasında "Qarabağ"ın İrlandiya "Şelburn"u ilə, Konfrans Liqasında isə "Zirə"nin Xorvatiya "Hayduk"u, "Araz-Naxçıvan"ın Yunanıstan "Aris"i və "Sabah"ın Moldova "Petrokub" ilə II təsnifat qarşılaşmalarında mərhələ şanslarını yüksək dəyərləndirib.
Musayev ilk oyunları izlədiyini deyib, gəldiyi qənaətləri diqqətə çatdırıb: “Təkcə “Sabah”ın oyununa baxa bilmədim. Sevindirici haldır ki, avrokubok təmsilçilərimizin 3-ü qələbə qazandı. “Zirə” yaxşı oynasa da, qələbəni əldən verdi. Yəqin ki, artıq rəqibi “oxudular”. Burada əsas yük futbolçuların yox, baş məşqçinin üzərinə düşür. Rəşad Sadıqov rəqibi gördü, yaxşı hazırlaşsalar, qalib gələ bilərlər. Bir top fərqi o qədər də böyük deyil. “Qarabağ” demək olar, mərhələni keçmiş sayılır. 3:0 hesablı qələbə böyükdür. “Araz-Naxçıvan” 1 yox, 2-3 top fərqi ilə qələbə qazanmalı idi. Qismət, yenə də pis alınmadı. “Sabah”ın rəqib meydanında 2:0 hesabı ilə qalib gəlməsi yaxşı oldu. Görək, növbəti turlarda necə olacaq. Vacib məqam ölkəmizin reytinq cədvəlində irəliləməsidir. Bu da gələcək illər üçün böyük əhəmiyyət kəsb edir”.
PFL-ın sabiq prezidenti püşkatmada ən çətin rəqiblə qarşılaşsa belə, qələbə ilə azarkeşlıri yaxşı mənada təəccübləndirən Naxçıvan təmsilçisinin performansını yüksək dəyərləndirib: “Araz-Naxçıvan”da Emar Baxşıyev sakit başla öz işi ilə məşğuldur. Düzdür, yaxşı futbolçu olub. Ulduz futbolçu olmasa da, bu gün ona ulduz məşqçi kimi baxıram. Ölkə çempionatında göstərdiyi nəticələrə əsasən arxayınam ki, mərhələni keçəcəklər”.
Musayev “Zirə”nin müdafiə futboluna üstünlük verməsi fikirlərinə də münasibət bildirib: “Çox az hallarda görünür ki, müdafiəçi baş məşqçi olduqda hücumameyilli futbol oynatsın. Düşünürəm ki, Rəşad Sadıqovun komandası Bakıda pis təsir bağışlamadı. Nəticənin heç-heçə olması rəqibin gücü sayəsində baş vermədi. “Hayduk” “Zirə”dən bir baş üstün oynadı" demək düzgün olmaz. Sadəcə, bir amil həmişə önəmlidir. Yayda gözəl oyun nümayiş etdirmək istəyən komanda heyəti qışdan hazırlamalıdır. O oyunçular bir-birilərini başa düşməlidirlər. Bu amillərin hamısı bu gün nəticəyə təsir edir”.
Musayev Rəşad Sadıqovun Nikola Yurçeviçin açıqlamasına cavab verməsinə də fikir bildirib: “O insan özü kimisə müzakirə edə bilər ki, nailiyyətləri danışdığı adamınkından çoxdur. Yurçeviç bizim futbola nə verdi ki, Rəşada nöqsan da bildirsin. Düz elədi Sadıqov, cavabını verdi. Amma daha az və dəyərli cavab verməli idi. Rəşad Sadıqovu qınamıram. Yurçeviç elə böyük adamdır ki?! Kimdir ki?! Havayı pulları talayanlardan biri olub”.
Qeyd edək ki, ilk oyunlarda "Qarabağ" səfərdə "Şelburn”a 3:0, "Sabah" "Petrokub"a 2:0, “Araz-Naxçıvan” “Aris”ə 2:1 hesabı ilə qalib gəlib. "Zirə" isə "Hayduk"la görüşdə heç-heçə edib - 1:1.