İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi Azərbaycanın gücünü, strateji baxışını və idarəetmə qabiliyyətini nümayiş etdirir. Hazırda regionda genişmiqyaslı infrastruktur layihələri icra olunur. Yeni avtomobil və dəmir yolları, hava limanları, elektrik və su təchizatı sistemləri yaradılır, iqtisadiyyat, təhsil, səhiyyə, ictimai xidmətlər, mədəni irsin bərpası və digər istiqamətlərdə mühüm layihələr həyata keçirilir.
1xeber.media xəbər verir ki,bu fikirləri Xankəndi şəhərində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi tədbiri çərçivəsində “İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri” adlı paneldə çıxış edən “Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsin icraçı direktoru Telman Kərimli deyib. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Telman Kərimli, ərazidə məskunlşan əhalinin keyfiyyətli təhsil və tibb xidmətləri ilə təmin edilməsi məqsədilə işlərin davam etdirildiyin də vurğulayıb.
Bildirib ki, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən tam orta məktəbin və uşaq bağçasının binasında aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Xocalı şəhərində, Ballıca, Həsənriz, Talış və Suqovuşan kəndlərində tibb məntəqələri istifadəyə verilib. Hazırda Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin binasının inşası davam etdirilir. Növbəti tədris ilində Qarabağ Universitetində təhsil alacaq tələbələrin yerləşdirilməsi üçün nəzərdə tutulan 7 ədəd 5 mərtəbəli binada əsaslı təmir işləri tamamlanmaq üzrədir və ərazidə abadlıq işlərinə hazırlıq görülür.
Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə Qarabağ Universitetinin tabeliyində “Qarabağ Universitetinin Klinikası” publik hüquqi şəxs yaradılıb. Xankəndi xəstəxanasının əmlakı həmin PHŞ-nin balansına verilmişdir. Universitetin Tibb Klinikasının tədris korpusunun təmiri üzrə son tamamlanma işləri aparılır. Bundan başqa ərazidə nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidənqurulması başa çatdırılıb. Suqovuşan - Sərsəng su anbarı - Qozlukörpü - Kəlbəcər, Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam, Əsgəran-Xocalı-Xankəndi-Şuşa və Tərtər-Ağdərə avtomobil yollarının tikintisi davam etdirilir. Xankəndi şəhərində 13600 metr uzunluğunda olan şəhərdaxili yol sahəsinə müvəqqəti asfalt örtüyü çəkilib. Telman Kərimlinin sözlərinə görə, Xankəndidə 60 yaşayış və 20 qeyri-yaşayış binasında təmir və yenidənqurma işləri də aparılıb